Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən Prosesdə şahid qismində Fərzəli Fərzəliyev ifadə verib. O, ifadəsində bildirib ki, Sabirabad telekomunikasiya qovşağında şöbə rəisi vəzifəsində çalışıb. O, istintaqa verdiyi ifadəni təsdiqləyib.
F. Fərzəliyev bildirib ki, materialların alınması zamanı sənədlərə qol çəkib, lakin onların alınmasında iştirak etməyib.
Vəkillər onun istintaq zamanı verdiyi ifadəsinin elan olunmasını istəyiblər. Bu zaman F. Fərzəliyev özünü pis hiss edib və huşunu itirib. İclasda fasilə elan edilib. Fasilədən sonra şahid qismində Əkbər Əsgərov dindirilib. O, ifadəsində Şirvan telekomunikasiya qovşağında baş mühasib olduğunu deyib. Baş mühasib bildirib ki, ayrılan pulların 90 faizi yenidən "Aztelekom"a qaytarılıb: "Ümümlikdə bizim qovşağa 5 il ərzində 12 milyon 350 min manat pul köçürülüb. Həmin pulun 10 faizi bizə qalırdı. Qalan hissəsini götürüb Oqtay Rüstəmova vermişəm".
Təqsirləndirilən şəxs Oqtay Rüstəmov isə Əkbər Əsgərovdan heç zaman pul götürmədiyini və dediklərini doğru olmadığını deyib.
Vidadi Zeynalov da şahidin ifadəsinə münasibət bildirib: "Şahid deyir ki, 90 faiz pullar geri qaytarılıb. Halbuki, həmin qovşaq Şirvda Heydər Əliyev Mərkəzinin yaxınlığında idi. Bir neçə dəfə təmir edilib. Ora iclaslara gəlmişik. Regional iclaslarımızı orda olub. Bəs o pullar geri qaytarılıbsa necə o bina dəfələrlə təmir edilib".
Hakim bildirib ki, şahid ifadəsində qeyd edib ki, pulun 10 faizi ilə bu işlər görülüb.
İclasda təqsirləndirilən Namazalı Məmmədovun vəkili vəsatətlə çıxış edib. O, çıxışında müdafiə etdiyi şəxsin qardaşının vəfat etdiyini bildirib. Vəkil Namazalı Məmmədovun dəfn mərasimində iştirakının təmin olunmasını istəyib.
Hakim bildirib ki, onların bununla bağlı qərar vermək ixtiyarları yoxdur.
Şahid qismində Şirvan Telekomunikasıya qovşağında xəzinadar vəzifəsində çalışmış Əsəd Əsədullayev ifadə verib. O da ifadəsində " Aztelekom" tərəfindən göndərilən pulların 90 faizinin geri qaytarıldığını deyib.
Şahid qismində Yaşar Babayev da ifadə verərək bildirib ki, Sabirabad rayon telekomunikasiya qovşağında baş mühasib vəzifəsində çalışıb. O, istintaqa verdiyi ifadəni təsdiqləyib.
Məhkəmədə bildirib ki, "Aztelekom"gələn pulların bir hissəsi yenidən qaytarılıb: "Pulun niyə qaytarıldığını bilmirəm. Rəis nə deyirdi onu eləyirdim. Sadəcə biz sənədləşdirirdik. Rəis maaşımından əlavə bayramda, toya gedəndə 50-100 manat mənə pul verirdi".
Onun istintaqa ifadəsi elan edilib. İstintaq ifadəsində ona rəis tərəfindən 1000 manat pul verildiyini bildirilib.
Şahid isə bu təkzib edib: "Hər ay o boyda pul alsaydım, 3 banka borcum qalmazdı. Ola bilər ki, mexaniki səhv ola bilər. Rəis yalnız bayramda toyda 100 manat pul veriblər".
Şahid Faiq Cəfərov ifadəsində bildirib ki, "Aztelekom" Maliyyə şöbəsində rəis olub.
O, ifadəsində bildirib ki, şöbənin işi maliyyə hesabatların proqnozlaşdırılması və statistikasına hazırlanması olub.
Prokurorun suallını cavablandıran Faiq Cəfərov qeyd edib ki, Namazalı Məmmədovun gördüyü işlərdə problem olmayıb: "Yalnız Namazalı müəllin Gəncədə çalışan zaman problem yarandı. Biz statisktik hesabatlar hazırladıq. Gördük alınan materiallar bazar qiymətindən baha olub. Bununla bağlı hesabat hazırlandı və rəhbərliyə məruzə elədik. Ümumiyyətlə görülən işlərin qiymətləndirilməsi ilə bağlı Məhəmməd Məmmədova məruzə eləmişəm".
Şahidin istintaqa verdiyi ifadə elan olub. İstintaq ifadəsindı bildirilib ki, Namazalı Məmmədovun işlərində nöqsanlar çox olub: "Nöqsanlara görə Namazalı Məmmədovla bağanan müqavilə dayandırılıdı. Yalnız Rabitə Nazirliyinin rəhbəri tərəfindən tapşırıq verib, ona himayədarlıq edilərək müqavilə yenidən imzalanıb. Buna görə "Aztelekom"a külli miqdarda ziyan dəyib".
Şahid isə istintaqa verdiyi ifadəsinə münasibıt bildirək deyib ki, onun ifadəsi düz başa düşülmədiyindən başqa istiqamətə yönəldilib.
Daha sonra vəkillərin suallarına cavab olaraq Faiq Cəfərov bildirib ki, 200 minlik işi 4 yerə bölərək 50 minlik tenderlər edilib. Bununsa səbəbini izah edə bilməyib.
Bu zaman Vidadi Zeynalov şahidin ifadəsinə münasibət: "Rayonlarda deputatlar görüş keçirdi. Sakinlər kəndlərinə qəsəbələrinə telefon çəkilməsini istəyirdi. Millət vəkilləri tərəfindən də bizə müraciət edilirdi. Məhz bizim də rayonlarda sakinlərlə görüşlərimiz zamanı bu tələblər olurdu. Bizdə söz verirdik ki, 1 ay ərzində sizə telefon çəkiləcək. Pul ayrılırdı. Sadəcə onu 4 yerə bölməyimiz və ayrı-ayrı tender eləməyimiz işin operativliyinə xidmət edirdi. İşin söz verilən vaxta qədər təhvil verilməsi üçün bu hesablanırdı".
Digər şahid Yaşar Əliyev isə ifadəsində sahibkar kimi fəaliiyə göstərdiyini deyib. O bildirib ki, razılaşma yolu ilə "Aztelekom"dan iş götürüb. Şahid köçürülən pulun 35 faizini gətirib baş mühasib Oqtay Rüstəmova verdiyini deyib.
Oqtay Rüstəmov isə şahidin dediklərinin yalan olduğunu və ondan heç zaman pul almadığını deyib.
Prosesdə şahid qismində "Aztelekom" sabiq sədri Məhəmməd Məmmədovun bacısı oğlu Sahib Əliyev da dindirilib.
O ifadəsində istintaqa verdiyi ifadəni təsdiqləyib.
Məhkəmə prosesi yanvarın 18-də davam edəcək.
Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.