Bakıdakı “Demirchi Tower” biznes mərkəzində İraqın Azərbaycandakı səfirinin tərcüməçisinin qardaşının meyiti aşkarlanıb.
Baki-xeber.combu barədə “life.ru” saytına istinadən xəbər verir. Xəbərə görə, hüquq-mühafizə orqanları Ağalı Əli Valid oğlunun “Vinçester” tüfəngi ilə vurulduğunu ehtimal edir. Qətl hadisəsindən bir qədər sonra polis ehtimal olunan cinayətkarı yaxalaya bilib. Bu, “Iraq Airlines”-in Azərbaycan nümayəndəliyində sürücü işləyən Elşən Rəfayət oğlu Bəşirovdur. Qətlin səbəbi hələlik bəlli deyil.
Sayt onu da bildirir ki, hadisə ilə bağlı fotoları yerli reportyor “LifeCorr” vasitəsilə agentliyə göndərib.
İraqın Azərbaycandakı səfirliyi “Demirchi Tower”dəki qətllə bağlı bəyanat yayıb
İraq Hava Yolları aviaşirkətinin Bakı nümayəndəliyinin əməkdaşının qətlə yetirilməsinin İraqın Azərbaycandakı səfirliyi və şəxsən bu ölkənin müvəqqəti işlər üzrə vəkilinə heç bir aidiyyəti yoxdur.
APA-nın məlumatına görə, bu barədə İraqın müvəqqəti işlər üzrə vəkili Fədil Əbəd Əl-Şüveylinin verdiyi bəyanatda bildirilir. Bəyanatda deyilir ki, aviaşirkətin iki azərbaycanlı əməkdaşı arasında yaşanan mübahisə birinin öldürülməsi ilə nəticələnib. Bəyanatda, həmçinin, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaqın aparıldığı və öldürülən şəxsin qardaşının İraq səfirliyində çalışan yerli əməkdaşlardan biri olduğu bildirilir.