Məlum olduğu kimi, ölkədə həyata keçirilən islahatlar fonunda hökumətin atdığı mühüm addımlardan biri də problemli kreditlərin həlli ilə bağlıdır. Çünki belə kreditlərlə bağlı yaranan problemin həlli bankların iqtisadiyyatda iştirak payını artırır və iqtisadi inkişafı sürətləndirir.
Kredit probleminin həlli istiqamətində hökumətin atdığı addımlar fonunda banklardan əsas gözləntisi isə onların real iqtisadiyyatda xüsusi çəkisinin artması ilə bağlıdır. Ancaq görünən budur ki, banklar hələ də hökumətin bu istiqamətdə onlara etdiyi güzəşt və yardımları düzgün qiymətləndirə bilmirlər.
Məsələ ondadır ki, bu il fevralın 28-də ölkə başçısı problemli kreditlər məsələsinin həllilə bağlı fərman imzalayıb. Həmin fərmanla vətəndaşların banklardakı 10 min dollaradək problemli kreditlərinin qapanması üçün dövlət büdcəsindən 700 milyon manatdan artıq vəsait ayrılıb. Həmçinin, banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə güzəştli kredit verilməsi, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılan kreditin hesabına onların müraciəti əsasında 215 milyon dollar dəyərinədək xarici valyutada ifadə olunub, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızlar verilməsi reallaşdırılıb. Ancaq bütün bunlara baxmayaraq, banklar hələ də real sektora kredit ayırmaqda maraqlı deyillər. İstehlak kreditlərinə üstünlük verirlər. Bu da yenidən problemli kreditlərin artmasına rəvac verir. Artıq ölkədə vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 1 milyard 491,3 milyon manat təşkil edib. Bu, avqustun 1-i ilə müqayisədə 0,3 faiz çoxdur. Ümumiyyətlə, problemli kreditlər iyul ayından bəri yenidən artım nümayiş etdirir. Avqustun sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,8 faiz olub. Hökumətin müdaxiləsindən sonra problemli kreditlərin həcmi azalsa da, indi bankların kredit siyasəti əvvəlki kimi artıma rəvac verir. Belə vəziyyət həm bankların özləri, həm də iqtisadiyyat üçün ciddi təhdidlər yaradır. Bir növ, banklar Prezidentin kursuna qarşı gedərək ölkədə yenidən vaxtı keçmiş kreditlərin artmasına səy göstərirlər.
“Banklar iqtisadiyyatın inkişafına yardım etmirlər”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, banklar bununla yanlış kredit siyasəti həyata keçirirlər: “Bu da, təbii ki, yaxşı bir hal deyil. Prezidentin qəbul etdiyi qərarlar əhalinin problemli kreditlər məsələsinin həllinə yönəlib. Xüsusilə də xarici valyutada götürülən kreditlərin məzənnə fərqinin ödənilməsi ilə bağlı qərar verildi. Nəticədə əhalinin kredit yükü xeyli yüngülləşdi. Eyni zamanda, bu qərar bank sektoruna çox ciddi dəstək oldu. Bu o deməkdir ki, dövlət bütün səviyyələrdə bank sektorunun ayaqda olmasını istəyir. Bunun üçün əlindən gələni edir. Ancaq bank sektoru bunun qarşılığında üzərinə düşən vəzifələri yerinə yetirmək istəmir. Bu onu göstərir ki, ölkədəki bank sektoru intizamsız bir əhval-ruhiyyəyə köklənib. Bu nədən ibarətdir? Bu ondan ibarətdir ki, banklar ən asan yollarla daha çox qazanc əldə etmək yolunu seçiblər. Bununla hardasa kassa-hesablaşma funksiyasını yerinə yetirərək və bir də lombard ruhlu kreditlər verərək vəzifələrini bitmiş hesab edirlər. Prezident dəfələrlə bildirib ki, bank sektoru iqtisadiyyatın inkişafına kömək etməlidir. Çox təəssüf ki, bunlar baş vermir. Banklar iqtisadiyyatın inkişafına yardım etmirlər. Banklar bahalı və qısamüddətli istehlak xarakterli kreditlərə üstünlük verirlər. Bu da problemli kreditlərin yenidən artmasına stimul verir. Deməyim odur ki, bank sektoru öz xislətini dəyişməyincə, problemli kreditlərin azalması mümkün deyil. Problemli kreditlər daha da artacaq. Təəssüflər olsun ki, bu baş verir”.
Vidadi ORDAHALLI