İyulun 1-dən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən edilib. Belə ki, Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15 faiz, xarici valyutada isə 3 faiz təşkil edir və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır.
Həmçinin, iyulun 1-dən Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda milli valyutada 10 faizdən, xarici valyutada 2,5 faizdən yuxarı illik faiz dərəcəsi ilə əmanət yerləşdirilərsə, bu əmanətlər ƏSF tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.
Kredit faizlərinin formalaşmasına bir neçə amil təsir edir. Başlıca təsir edən amil vəsaitin cəlb edilməsi mənbəyidir. Azərbaycan bankları üçün əsas maliyyə mənbəyi onların öhdəliklərinin təqribən dörddə üçünü təşkil edən depozitlərdir. Depozitlər hesabına əhaliyə yüksək faizlə kreditlər verirlər. Dəfələrlə kredit faizlərinin aşağı salınması ilə bağlı çağırışların səslənməsinə rəğmən, kredit faizləri aşağı salınmır. Bir ara bankların bəhanəsi bu idi ki, kredit faizlərinin aşağı düşməsinə mane olan səbəb depozit faizlərinin yüksək olmasıdır. Artıq bu bəhanə də aradan qalxdı. Qeyd olunduğu kimi, qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi aşağı salındı.
Maraqlıdır, bundan sonra banklar kredit faizlərini aşağı salacaqlarmı?
Fikrət Yusifov: “İndi bank kreditləri üzrə faiz dərəcələri aşağı düşəcək”
Sözügedən məsələni dəyərləndirən iqtisad elmləri doktoru Fikrət Yusifov buna bir neçə aspektdən yanaşır. Onun fikrincə, faiz dərəcəsinin aşağı salınması Mərkəzi Bankın son dövrlərdə apardığı siyasətə uyğun gəlir: “Mərkəzi Bank artıq bir neçə dəfə uçot dərəcəsini aşağı salıb. Bu isə o deməkdir ki, bu məsələyə yenidən baxmaq zərurəti yaranıb. Əmanətlərin faiz dərəcəsinin aşağı salınması qərarı ilə kreditlərin verilməsi ilə bağlı sahədə irəliləyiş əldə etmək olar. Çünki devalvasiyadan sonra bu sahə üzrə müəyyən problemlər yarandı. İndi bank kreditləri üzrə faiz dərəcələri aşağı düşəcək. Bank əmanətləri aşağı faizlə cəlb edirsə, deməli, kreditlər də aşağı faizlə verilməlidir. Ümumilikdə götürdükdə, bu, bank sektorunda müsbət tendensiya kimi qiymətləndirilə bilər. Əslində, 10 faiz pis göstərici deyil. Amma bu o demək deyil ki, faiz dərəcəsinin aşağı salınması sözügedən sahədə ciddi dəyişikliyə səbəb olacaq. Yəni ciddi hansı azalma və artımların olacağını gözləmək düzgün deyil. Dünya ölkələrində əmanətə görə faiz dərəcələri çox aşağıdır. Bu mənada, bizdə 10 faizi məqbul hesab etmək olar”.
Vidadi ORDAHALLI