Məlumata görə, hazırda ölkədə fəaliyyət göstərən bankların mütləq əksəriyyəti 11 iyun 2013-cü il tarixindən qüvvədə olan “Banklarda korporativ idarəetmə standartları”nın (“Standartlar”) “Məlumatların açıqlanması” adlı 14-cü bəndinə, demək olar ki, riayət etmir. Məsələ ondadır ki, həmin bənddə açıqlanmalı olan məlumatlar konkret sadalanır və onların bankın saytında yerləşdirilməsi tələb olunur. Heç bir bank açıqlamalı olduğu məlumatları tam açıqlamır. Bütün banklar üzrə açıqlanan məlumatların orta göstəricisi cəmi 59,2 faizdir.
Qeyd edək ki, açıqlanmalı olan məlumatlar standartların müvafiq bəndlərinə uyğun olaraq 5 qrupa bölünüb. Birincisi, bank və onun fəaliyyəti barədə ümumi məlumat verilməlidir. Əsasən aşağıdakı məlumatlar açıqlanmır: idarəetmə orqanları və daxili komitələr, mükafatlandırma siyasətinin əsas prinsipləri, əlaqədar şəxslərlə bağlanmış əqdlərin ümumi məbləği və bu məbləğin bankın məcmu kapitalına olan nisbəti və dividend siyasəti. İkincisi, illik maliyyə hesabatları bankın saytında yerləşdirilməlidir. Üçüncüsü, rüblük maliyyə hesabatları göstərilməlidir. Dördüncüsü, kapitalın strukturu və adekvatlığı barədə məlumatlar ətraflı göstərilməlidir. Beşincisi, risqlərin idarə edilməsi barədə məlumatlar göstərilməlidir. Çünki investor və müştəriləri, ilk növbədə, məhz risqlərin idarə edilməsi maraqlandırır. Bankların mütləq əksəriyyəti bu qrup üzrə yalnız ümumi sözlərlə kifayətlənərək konkret məlumatları açıqlamır. Əsasən də aşağıdakı məlumatlar açıqlanmır: vaxtı keçmiş kreditlərin məbləği və kredit portfelində xüsusi çəkisi, qeyri-standart kreditlərin cəmi və bu kreditlərin hər bir alt-kateqoriyası üzrə məbləği və s.
Maraqlıdır, banklar özləri barədə qanunla nəzərdə tutulan məlumatları saytlarına niyə yerləşdirməyə həvəsli deyillər? Niyə yuxarıda sadalanan məqamlara çox az yer verirlər?
Yunus Əliyev: “Hesab edirəm ki, zamanlama ilə bağlı problemlər ola bilər”
Məsələyə münasibət bildirən Azərbaycan Banklar Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Yunus Əliyev bununla o qədər də razılaşmadı: “Biz onların verdiyi məlumatları götürərək təhlillərimizdə istifadə edirik. Hesab edirəm ki, zamanlama ilə bağlı problemlər ola bilər. Belədə bütün banklar sözügedən məlumatları yerləşdirir. Həm balanslarını, həm də hesabatlarını yerləşdirirlər”.
Rəşad Həsənov: “Çünki bank sektorunun özündə həddən artıq qanunsuzluq var və bu səbəbdən məlumatları gizlədirlər”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, bankların məlumatları gizlətməsi bir sıra faktorlarla bağlıdır: “Birincisi, bazar liberal deyil. Banklar liberal bazarda rəqabət aparmırlar. Banklar üçün o qədər də əhəmiyyətli deyil nə qədər şəffafdırlar, nə qədər məlumatları ictimailəşdirirlər, müştərilər hansı formada bankları seçirlər və s. Azərbaycanda bank sektoru tam təşəkkül tapmayıb. Tam təşəkkül tapmadıqları üçün də normal rəqabətli şərtlər daxilində fəaliyyət göstərən subyektlər deyillər. Digər tərəfdən, bank sektorunun özündə həddən artıq qanunsuzluq var və bu səbəbdən məlumatları gizlədirlər. Bu qanunsuzluqların nəticələrini biz 2015-ci ildə baş verən devalvasiyadan sonra gördük. Məlum oldu ki, bir sıra bankların sadəcə şişirdilmiş göstəriciləri var. Yəni bankların içi boşdur. Sözügedən nöqsanlar bu gün də banklarda qalmaqdadır. Başqa bir tərəfdən, bəzi hallarda bu məlumatların ictimailəşməsi bankların reputasiyasına mənfi təsir göstərir. Məsələn, Azərbaycanda problemli kreditlərin 10-11 faiz olduğu deyiləndə, əslində, bunun daha böyük olduğu ortada idi. Daha sonra xarici reytinq agentlikləri bəyan etdilər ki, ifadə olunan toksid aktivlər reallıqda 3 dəfədən çoxdur. Banklar bu məlumatları bəyan etsələr, o zaman əmanətçilərdən vəsait cəlb edə bilməzlər. Bu mənada, banklar məlumatları gizlətməkdə maraqlıdırlar. Çünki bankların özlərinin daxilində çox ciddi qanunsuzluqlar var”.
Vidadi ORDAHALLI