İqtisadi müstəvidə bu gün ölkə qarşısında duran əsas məqamlardan biri də valyuta ehtiyatlarının davamlı şəkildə artımına nail olmaq, manatın məzənnəsinin sabit qalmasını təmin etməkdir. Bu xüsusda atılan addımlar artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, dünya ölkələrinin böyük əksəriyyətində valyuta ehtiyatlarının sürətli azaldığı bir dövrdə Azərbaycanda tamam əks proses müşahidə olunur. Bunu Mərkəzi Bankın son məlumatları da təsdiq edir.
Məlumatlara görə, bu ilin yanvar-fevral aylarında xarici ticarət balansında 986,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. İxrac 42,6%, o cümlədən qeyri-neft ixracı 16,4% artıb. Bu amil həm valyuta ehtyiatlarının artmasında, həm də manatın məzənnəsinin dayanıqlı qalmasında müsbət rol oynayıb. Digər tərəfdən, son aylarda dünya bazarlarında əmtəə qiymətləri artım meylli olub. 2019-cu ilin yanvar-fevral aylarında neftin dünya qiyməti orta hesabla 62 dollar təşkil edib. Neftin qiyməti ilin əvvəlindən 26% və ya 14 dollar artıb. Bu da valyuta ehtiyatlarının çoxalmasına təsirsiz ötüşməyib. Ümumiyyətlə, ilin əvvəlindən ölkənin strateji valyuta ehtiyatları 4,1% artaraq 46,6 milyard dollara çatıb. Bu, tədiyə balansının profisitlə formalaşdığını göstərir. Eyni zamanda, 2019-cu ilin əvvəlində iqtisadi artım tempinin yüksəlməsi müşahidə edilməkdədir. 2019-cu ilin yanvar ayında ötən ilin müvafiq dövrünə nəzərən iqtisadi artım 2,9% təşkil edib. İqtisadi artım qeyri-neft sektorunda 2,7% olub ki, bu da əsasən ticari sektordan qaynaqlanıb. Qeyri-neft sənayesində 12,9%, kənd təsərrüfatında 2,4% artım müşahidə olunub. Bütün bunlar fonunda cari il ərzində valyuta ehtiyatlarında artımın davam etməsi gözlənir.
Digər tərəfdən, valyuta ehtiyatlarında idarəçiliklə bağlı Azərbaycanın tutduğu mövqe də prosesə müsbət təsir edir və risqli əməliyyatlardan, demək olar ki, istifadə olunmur. Məsələn, məlumdur ki, 2018-ci ildə Norveçin suveren fondu olan Dövlət Pensiya Fondu 6,1 faiz və ya 57 milyard dollar, Alyaska və Yeni Zelandiyanın suveren fondları isə müvafiq olaraq 1,1 faiz və 2,18 faiz vəsait itirib. Qeyd edilən dövr üzrə Azərbaycan Dövlət Neft Fondunun investisiya portfelinin qazancı 0,35 faiz, yaxud 181 milyon manat olub. Düzdür, qazanc az olsa da, hansısa maliyyə itkisi də yaşanmayıb. Ekspertlər bildirir ki, Dövlət Neft Fondu aşağı gəlirli, amma dayanıqlı investisiyalara üstünlük verir. Fond qiymətli kağızlara daha çox yatırım edib. Özü də elə qiymətli kağızlara ki, onlar dayanıqlı, belə demək mümkünsə, itirmə təhlükəsi sıfıra yaxın olan investisiyalar sayılır. Bu konservativ yanaşma ilə həm də əlində olan, yığılan vəsaitin daha çox qorunmasına xidmət edir. Yüksək qazanc üçün Dövlət Neft Fondunun risqli strategiyaya keçməsi fayda gətirməklə yanaşı, müəyyən təhlükə də doğura bilər. Düzdür, risqli strategiyada qazanc, gəlirlilik səviyyəsi daha yüksək olur. Ancaq itirmək təhlükəsi də daha yüksəkdir və elə Norveç Dövlət Pensiya Fondu buna ən yaxşı nümunədir.
Burada daha bir önəmli məqam həm də dünyada aparıcı valyutaların kəskin məzənnə dəyişikliklyindən uğurla sığortalanmaqla bağlıdır. Belə ki, bu məqsədlə ölkədə valyuta ehtiyatlarının tərkibində qızıl ehtyiatları çoxaldılır. Dövlət Neft Fondu artıq bu ilin sonuna qızıl ehtiyatlarını təxminən iki dəfə artıraraq 100 tona çatdırmağı planlaşdırır. Fondun aldığı bütün qızıl həcmləri Azərbaycana gətirilir və qurumun binasında saxlanır. Qeyd edək ki, fond 2012-ci ildə qızıl alışına başlayıb. Ötən ilin sonuna Fondun investisiya portfelində olan qızılın həcmi 50 ton 953 kiloqram təşkil edib. Fondun investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri qızıla investisiya edilə bilər.
İndilikdə hesab edilir ki, görülən tədbirlər nəticəsində valyuta ehtiyatlarının artımı davam edəcək və bu da manatın məzənnəsinin sabitliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, ölkəyə yeni valyuta axını da proqnozlaşdırılır. Bunun ümdə səbəbi qeyri-neft sektoru üzrə ixracın artması, neft qiymətlərinin nəzərdə tutulan həddən yüksək olmasıdır. Digər tərəfdən, tezliklə “Cənub Qaz Dəhlizi“ çərçivəsində Avropa bazarına Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. İlkin mərhələdə Avropa bazarına 10 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq. TANAP-la Türkiyəyə nəql edilən qaz həcmləri isə 6 milyard kubmetrə çatacaq ki, bu da ölkəyə daxil olan valyutanın həcmini əhəmiyyətli dərəcədə artıracaq. 2020-ci ildə Bakı-Tiflis-Qars dəmir yolu xəttilə yükdaşımaların, eləcə də sərnişindaşımaların artması fonunda da valyuta gəlirlərinin çoxalması proqnozlaşdırılır. Bundan başqa, Sumqayıt Kimya Parkında qurulan zavodlar qeyri-neft sektorunun artımını sürətləndirəcək. Eyni zamanda, sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar Azərbaycana valyuta axınını çoxaldır. Bütün bunlar həm də manatın mövqelərinin getdikcə güclənməsinə rəvac verir.
Tahir TAĞIYEV