Əli Əlirzayev: “Minimum əməkhaqqı özəl sektorda 180 manatdan aşağı olarsa, o zaman buna yol verən fiziki və yaxud da hüquqi şəxs cərimə ediləcək”
Məlum olduğu kimi, il başlanandan sosial sahəyə göstərilən diqqət daha da artırılır. Pensiyaların sığorta hissəsi, təqaüdlər, bütün sosial müavinət növləri artırıldı. Bununla yanaşı, bu günlərdə ölkə başçısı tərəfindən imzalanan sərəncama əsasən, ölkədə minimum əməkhaqqı 130 manatdan 180 manata qədər artırıldı. Bu, dövlətin həyata keçirdiyi sosial siyasətin mahiyyətini, dövlət başçısının vətəndaşların rifah halının yüksəldilməsi məsələsinə son dərəcə həssas və diqqətlə yanaşdığını nümayiş etdirir.
Qeyd edək ki, Prezidentin bu sərəncamı 600 minədək insanı əhatə edəcək. Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 50 manat, yəni 38,4 faiz artırılaraq 130 manatdan 180 manata çatdırılır və ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilir.
Minimum əməkhaqqının artırılmasının bir sıra üstünlükləri var. Bunun üstünlüyü ondan ibarətdir ki, dövlət sektorunda çalışan şəxslərin minimum məvaciblərinin artırılması özəl sektora da öz təsirini göstərir. Bunun nəticəsində özəl sektorda çalışanların da minimum əməkhaqqı artırılacaq.
Digər tərəfdən, bu, regionlarda işləyənlərin də həyat şəraitinə müsbət təsir göstərəcək. Məsələ ondadır ki, zaman-zaman iş dalınca regionlardan Bakıya və ölkənin digər böyük şəhərlərinə gedənlər olur. Regionların inkişafına dair dövlət proqramları qəbul edildikdən sonra bu sahədə vəziyyət əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişdi. Ancaq buna rəğmən, minimum əməkhaqqının aşağı olduğunu əsas gətirib regionlardan paytaxta iş dalınca gələnlər olurdu. Belələri bunu məhz məvaciblərin azlığı ilə əlaqələndirirdi. Göründüyü kimi, artıq Prezident bu məsələni də yoluna qoydu və minimum əməkhaqqı xeylı artırıldı. O baxımdan, sözügedən amil regionlardan iş dalınca paytaxta gələnlərin sayının azalmasına necə təsir göstərəcək?
Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayevin sözlərinə görə, minimum əməkhaqqının artırılması müəyyən qədər regionlardan paytaxta iş dalınca gələnlərin sayının azalmasına öz təsirini göstərəcək: “Bu zaman regionlarda çalışanlar hansısa şəhərə iş dalınca getməyə maraqlı olmayacaqlar. Düzdür, bu tam olaraq sözügedən problemi aradan qaldırmasa da, hər halda, müəyyən mənada, buna öz müsbət təsirini göstərəcək. Aydın məsələdir ki, paytaxtda bölgələrlə müqayisədə iş yeri daha çoxdur. İstər özəl, istərsə də dövlət sektorunda bununla bağlı imkanlar daha genişdir. Bu da təbiidir, ona görə ki, şəhərdə xidmət infrastrukturu daha genişdir. Kimi gəlib bağda, kimisi sürücü işləyir və s. Rayonlarda isə xidmət sferası şəhərlə müqayisədə məhduddur. Rayonlarda əsasən kənd təsərrüfatıdır və bir də ev təsərrüfatındakı özünüməşğulluqdur. O cümlədən, rayonlarda məktəblər, xəstəxanalar, ambulatoriyalar, idarələr və bəzi müəssisələr fəaliyyət göstərirlər. Minimum əməkhaqlarının artırılması, istər-istəməz, bu sahədə çalışanların sosial vəziyyətinə müsbət təsir göstərəcək. Bunun bir təsiri də özəl sektora olacaq. Əvvəllər iş axtaran çox olduğuna görə özəl sektor istədiyi qədər məvacibləri aşağı salırdı. İşçilər çox işlədilirdi və s. Ancaq dövlət tərəfindən minimum əməkhaqqının 180 manata çatdırılması o deməkdir ki, artıq özəl sektor da işçiyə bundan aşağı əməkhaqqı verə bilməz. Minimum əməkhaqqı özəl sektorda 180 manatdan aşağı olarsa, o zaman buna yol verən fiziki və yaxud da hüquqi şəxs cərimə ediləcək. Ona görə də kənd yerlərində işləmək daha sərfəlidir, nəinki şəhərdə işləmək. Çünki şəhərdə xərclər daha çoxdur. Ona görə də minimum əməkhaqqının artırılması, müəyyən mənada, kəndlərdən iş dalınca şəhərə gedənlərin sayının azalmasına öz təsirini göstərəcək”.
Vidadi ORDAHALLI