Elşən Əliyev: “Bunun həllindən fiziki şəxslərlə yanaşı, banklar da faydalanırsa, nəyi pisdir ki?”
Məlum olduğu kimi, Prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, fiziki şəxslərin devalvasiyadan sonra banklara yaranan borcları dövlətin vəsaiti hesabına ödəniləcək.
Borcların daha dəqiq olaraq hansı mexanizmlə ödəniləcəyi və fərmandan irəli gələn güzəştlərlə bağlı imzalanan sənəddə ətraflı məlumat verilib. Ancaq hiss edilir ki, Prezidentin imzaladığı bu inqilabi fərmana belə, kölgə salmağa cəhdlər edirlər. Bir vaxtlar radikal dairələrin əllərində bayraq kimi tutduqları, hər mitinqin şüarına çevirdikləri problemli kredit məsələsinin həllinin dövlət tərəfindən ödənilməsi belə, həmin dairələri narahat etməyə başlayıb. Həmin dairələrin təsiri altında olan şəxslər belə təbliğat aparırlar ki, guya dövlət bu addımı ilə bank sahibləri olan oliqarxları zənginləşdirəcək. İddialara görə, yaxşı olardı ki, həmin kreditlər birdəfəlik silinsin. Bildirilir ki, bundan sonra bankların hətta əziyyətlə toplaya bilməyəcəyi problemli kreditləri hökumət asanlıqla onların cibinə qoyacaq. Bu cür cəhdlərlə ölkə başçısının əhaliyə yönəlik xoşməramlı təşəbbüsünü ləkələməyə çalışırlar. Belə iddiaları nə dərəcədə əsaslı saymaq olar?
İqtisadçı Elşən Əliyev qəzetimizə bildirdi ki, problemli kreditlərin həlli ilə iki devalvasiyadan sonra təkcə həmin problemlə üzləşən əhalinin maraqları təmin olunmayacaq: “Bu müstəvidə həm də banklar qazanacaq. Çünki problemli kreditlərin həlli ilə həm də banklara yardım olunması gözlənir. Bunun özü də normal haldır. Bilirsiniz ki, problemli kreditlərin böyük həcmi özəl banklardan götürülmüşdü. Bu günə qədər yaranmış vəziyyətlə əlaqədar olaraq əhalinin banklara ödəmədiyi problemli kreditlərin həcmi təxminən 1,8 milyard manata yaxındır. Bank sahibləri də, oranın işçiləri də Azərbaycan vətəndaşı sayılır. Deməli, Prezidentin fərmanından onlar da xeyir görürsə, bunun nəyi pisdir? Axı bu, eyni zamanda, fiziki şəxslərin sevincinin fonunda, problemdən yaxa qurtarması ilə parallel olaraq baş verir.
Bu qədər vəsaitin bütünlüklə banklara köçürülməsi baş versə, həmin halda sözügedən maliyyə mənbələri əlavə vəsaitlər əldə edəcəklər. Bu da bank sektorunda canlanma yaradacaq. Əlavə vəsaitlərin əldə edilməsi kreditləşmənin də sürətlənməsinə gətirib çıxaracaq. Əvvəl maliyyə sıxıntısı içərisində boğulan banklar daha çox kredit verməyə başlayacaq. Bu da, öz növbəsində, iqtisadiyyatın canlanmasına, əhalinin kreditlərə yönəlməsinin asanlaşmasına səbəb ola bilər. Yəni belə vəziyyət iqtisadiyyatın çarxlarının dönməsinə, iqtisadiyyata kreditlər vasitəsilə daha çox vəsaitin daxil olmasına gətirib çıxarar. Banklar da vaxtilə verdiyi kreditləri geri qaytarmaqla öz gəlirlərini artıracaq və onu iqtisadiyyatın daha geniş spektrinə yatırmaq imkanı qazanacaqlar. Problemli kredit sindromu artıq olmayacaq və banklar da kredit verməkdə ehtiyat etməyəcəklər. Düşünürəm ki, buna başqa siyasi don geydirməyə ehtiyac yoxdur. Etiraf edək ki, bu, dövlətin qarşısında duran kifayət qədər ciddi problem idi. Bunun həllindən fiziki şəxslərlə yanaşı, banklar da faydalanırsa, nəyi pisdir ki? Fərmandan nə qədər çox adam yararlansa, o qədər yaxşıdır”.
Məhəmmədəli QƏRİBLİ