Əli Əlirzayev: “Bəzən 50 manatı xırdalamaq olmur, qaldı 200 manatı xırdalayasan”
Azərbaycan Mərkəzi Bankının ötən il mayın 24-dən tədavülə buraxdığı 200 manatlıq əskinasların dövriyyədə olan həcmi dekabr-yanvar aylarında təxminən 2 dəfə artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov məlumat verib. Onun sözlərinə görə, hazırda sözügedən əskinaslar dövriyyədə olan nağd pul kütləsinin 5 faizini (400 mln. manat) təşkil edir.
O qeyd edib ki, dövriyyədə 2 milyon ədəd 200 manatlıq əskinas var: “Bu əskinas xaricdə böyük rezonans doğurub. Olduqca nəfis bir puldur. Banklar nə qədər istəsə, biz onlara verməyə hazırıq. Hər hansı bir faiz tutulmur”.
Baş bankir əlavə edib ki, bu gün həmin əskinasdan daha çox istifadə oluna bilərdi: “Bunun da obyektiv səbəbləri var. Məsələn, kölgə iqtisadiyyatı. Əllərində olan nağd pulları dövriyyəyə çıxarmadıqları üçün dəyişə bilmirlər. Yoxsa bu gün bu pulun dövriyyəsi 10 faiz ola bilərdi”.
E.Rüstəmovun bu açıqlaması sosial şəbəkələrdə müəyyən müzakirələrə səbəb olub. Müzakirələr də onunla bağlıdır ki, bir çoxu 200 manatlıq əskinası görmədiyini bəyan edib. Yəni tədavül vasitəsi olaraq görmədiklərini bildiriblər. Digər tərəfdən, adətən böyük nominallı pul əskinasları yığım vasitəsi kimi daha çox istifadə olunur. Ancaq imkanlı şəxslər belə bəyan ediblər ki, onlar 200 manatlıq əskinas görməyiblər.
Maraqlıdır, 200 manatlıq əskinas dövriyyədə niyə yoxdur?
Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayev dövriyyədə 200 manatlıqların az olmasını bir neçə amillə əlaqələndirdi: “Bunlardan biri odur ki, bu əskinas bankomat sistemində əməkhaqlarının ödənilməsi üçün istifadə olunmur. Eyni zamanda, nağd pul dövriyyəsi ilə qeyri-nağd pul dövriyyəsi arasında əlaqə çox zəifdir. Bank sektorundan 200 manatlıqlara sifarişlər gəlmir. Digər tərəfdən, bunu, görünür, daha yüksək məvacib alanlara verirlər. Nəzərə almaq lazımdır ki, 200 manatlıqların xərclənməsi də, müəyyən mənada, asan deyil. Yəni söhbət pulun xırdalanmasından gedir. Bəzən 50 manatı xırdalamaq olmur, qaldı 200 manatı xırdalayasan. Görünür, bu amil də buna öz təsirini göstərir. 200 manatlıq yığım üçün daha əlverişlidir. Ona görə də dövriyyədə bu əskinaslar çox məhdud səviyyədədir. Ümumilikdə, 200 manatlıq əskinaslar elə də çox buraxılmayıb. Bəlkə də sözügedən əskinasların buraxılması çox xərc tələb etdiyindən, az buraxılıb. O cür xərclər iqtisadiyyat üçün yük ola bilər. Ola bilsin ki, bu səbəbdən 200 manatlıqlar dövriyyədə böyük çəkiyə malik deyil. Hər halda, görünür, bunun bir səbəbi var”.
Vidadi ORDAHALLI