Əli Əlirzayev: “Mövsümi amillərdən asılı olmayaraq, kənd təsərrüfatı məhsullarının saxlanmasına, xaricə çıxarılmasına önəm verilməlidir”
“Keçən il regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı başa çatdı. Bu beşillik proqram artıqlaması ilə yerinə yetirildi. Bu proqram bizə imkan verdi ki, bölgələrdə infrastruktur layihələrinin icrası daha sürətlə getsin, yüz minlərlə yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılsın, kənd təsərrüfatı daha sürətlə inkişaf etsin. Bir sözlə, regional inkişaf proqramının çox böyük əhəmiyyəti və gözəl nəticələri var. Bu il biz regionların dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəcəyik. Demək olar ki, proqramın əsas hissəsi hazırdır”.
Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Ölkə başçısının sözlərinə görə, o, ötən il bölgələrə 24 səfər edib. Sözügedən səfərlər zamanı işlərə nəzarət etmək üçün imkan yaranır: “Həm də yerlərdə vətəndaşlarla görüşərək onları narahat edən problemlərin həlli istiqamətində əlavə göstərişlər verilir. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanmışdır. Bu sərəncamlar bölgələrimizdə çox böyük əks-səda verir və böyük nəticələrə gətirib çıxarır. Dediyim kimi, bölgələrə səfərlərim həm vətəndaşlarla təmasda olmaq, həm görülən işlərə nəzarət etmək, həm də gələcəkdə görüləcək işlərlə bağlı düzgün addımların atılması üçün gözəl imkan yaradır.
Ölkəmizdə, ümumiyyətlə, daxili vəziyyət - həm ictimai-siyasi, həm iqtisadi-sosial məsələlərlə bağlı vəziyyət sabitdir”.
Sözügedən proqramların həyata keçirilməsi regionlarda sosial-iqtisadi inkişafa ciddi müsbət təsir göstərib. Bu baxımdan regionların dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbulu zamanı hansı məqamlara diqqət edilməlidir?
Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayev bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla belə proqramın qəbul edilməsi strateji əhəmiyyət kəsb edir. Çünki ölkə iqtisadiyyatının iqtisadi və sosial potensialının 50-60 faizə qədəri regionlarda yerləşir. Elə resurslar var ki, tamamilə regionlarda yerləşir. Ona görə də regionlarda sahibkarlığın inkişafına, əhalinin məşğulluğuna xüsusi önəm verilməlidir. Regionlarda əhalinin məskunlaşması, həyat səviyyəsi, sosial infrastruktur obyektlərinin tikilməsi - bütün bunlar bölgələrin inkişafına xidmət edir. Bu həm də regionlarda əhalinin rifahını, məskunlaşmasını, yaşayış səviyyəsinin yaxşılaşmasını təmin edir. Ona görə də regionların inkişafı ölkə iqtisadiyyatının təməl daşıdır. Dördüncü proqramda regionlara ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət mexanizmi daha təkmil olmalıdır. Çünki ayrılan vəsait regionların yaşadılmasına yox, sırf inkişafına yönəldilməlidir. Ötən illər ərzində regionların infrastrukturu əsaslı şəkildə yenidən qurulub. Elə etmək lazımdır ki, regionlara sərmayə axını artsın. Sahibkarlığın yeni formalarının yaranmasına önəm verilməlidir. Heyvandarlığın regionlarda inkişafına diqqət artırılmalıdır. Digər tərəfdən, regionların inkişafı sahə üzrə olmalıdır. Belə olsa, o zaman bu, bölgələrdə məşğulluğun artmasına öz müsbət təsirini göstərəcək. Elə regionlar var ki, müəyyən məhsulların orada istehsalı daha səmərəlidir. Hesab edirəm ki, həmin məhsulların istehsalı üçün dotasiyalar ayrılmalıdır. Mövsümi amillərdən asılı olmayaraq, kənd təsərrüfatı məhsullarının saxlanmasına, xaricə çıxarılmasına önəm verilməlidir”.
Vidadi ORDAHALLI