Əli Əlirzayev: “Azad olunan əraziləri həm əkinçilik, həm də heyvandarlıq üçün istifadə etmək olar”
“Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək”. Bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.
Ölkə başçısının sözlərinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycan prinsipial mövqeyində qalır. Çünki Azərbaycanın mövqeyi haqq-ədalət mövqeyidir. Ən başlıcası isə bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur.
Prezidentin xalqa ünvanladığı təbrikdən o da məlum olub ki, Azərbaycanın güclü hərbi potensialı münaqişənin həlli üçün əsas amildir: “Biz son illər ərzində öz hərbi qüdrətimizi böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını göstərir”.
Onu da qeyd edək ki, Naxçıvanda azad edilən 11 min hektar ərazi təkcə hərbi nöqteyi-nəzərdən strateji əhəmiyyətə malik deyil. Həmin ərazilərin kənd təsərrüfatı üçün də əhəmiyyəti böyükdür. Nəzərə almaq lazımdır ki, bu ərazinin 8 min hektardan artığı kənd təsərrüfatı üçün yararlıdır. Xüsusən də dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Nəzərə alsaq ki, Naxçıvan əsasən dağlıq əraziyə malikdir, o zaman kənd təsərrüfatına yararlı olan 8 min hektar ərazinin işğaldan azad olunması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan sözügedən ərazilər Naxçıvanın kənd təsərrüfatı, bu sahənin inkişafı üçün nə deməkdir? Ümumilikdə, regionun aqrar sektorunun inkişafında necə rol oynayacaq?
Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayevin sözlərinə görə, Günnüt əməliyyatı zamanı azad edilən ərazilər Naxçıvanın kənd təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edir: “Həmin ərazilər həm əkin, həm də yaylaq və otlaq üçün yararlıdır. Deməyim odur ki, sözügedən ərazi təkcə hərbi baxımdan strateji əhəmiyyət kəsb etmir. Düzdür, strateji baxımdan önəmi böyükdür. Oradakı strateji yüksəkliklərdən Gorusa, Laçına gedən yol nəzarətdə saxlanır. Ancaq kənd təsərrüfatı baxımından bu ərazilərin özünəməxsus əhəmiyyəti böyükdür. Çünki o torpaqlar yaylaqlardır. Həmin ərazilər Şərur rayonunun və ümumilikdə, Naxçıvanın kənd təsərrüfatında həmişə mühüm rol oynayıb. Söhbət 1992-ci ildə baş verən erməni işğalına qədər olan dövrdən gedir. 11 min hektar ərazinin 8 min hektarının kənd təsərrüfatına yararlı olması kiçik rəqəm deyil. İşğaldan azad edilən həmin ərazilərdə yaxşı meyvə bağları salına bilər. Heyvandarlığın inkişafı üçün örüş sahəsi kimi istifadə edilə bilər. Bununla yanaşı, yonca istehsalı üçün həmin ərazilər əlverişlidir. Ona görə də hesab edirəm ki, həmin ərazilər Naxçıvanın aqrar sektorunun inkişafında mühüm rol oynaya bilər. Nəzərə almaq lazımdır ki, Naxçıvanda kənd təsərrüfatı üçün yararlı torpaq resursları məhduddur. Çünki dağlıq ərazilər böyük üstünlüyə malikdir. O baxımdan azad olunan əraziləri həm əkinçilik, həm də heyvandarlıq üçün istifadə etmək olar. Oradakı torpaq və hava şəraiti buna imkan verir. Bu da, ümumilikdə, Naxçıvan MR-in iqtisadiyyatına müsbət təsir edəcək. Əhali ora gedib kənd təsərrüfatının inkişafı ilə məşğul ola bilər və s.”.
Vidadi ORDAHALLI