“Nə qədər çox vergi ödəyicisi olsa, bu bir o qədər daha çox verginin yığılmasına gətirib çıxaracaq”
Azərbaycan "Paying Taxes 2019" vergitutma reytinqində 28-ci yeri tutub. Bu barədə böyük konsaltinq şirkətləri şəbəkəsi olan "PwC"nin mütəxəssislərinin Dünya Bankı ilə birgə apardığı araşdırmada qeyd olunur.
Araşdırmaya əsasən, Azərbaycanın ümumi vergi dərəcəsi 40,8 faiz təşkil edir, bu da şirkətin gəlirində vergi və ödənişlərin xüsusi çəkisi deməkdir.
Bununla, Rusiya reytinqdə 53-cü, Qazaxıstan 56-cı, Özbəkistan 64-cü, Ermənistan 82-ci, Tacikistan 136-cı, Qırğızıstan isə 150-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, araşdırma vergi sahəsində bir sıra göstəriciləri nəzərə alır - il ərzində ödənişlərin sayı, vergi qanunvericiliyinə uyğunlaşma üçün lazım olan vaxt, ƏDV sisteminin tətbiqi.
Qeyd edək ki, ötən il Azərbaycan reytinqin 35-ci pilləsində qərarlaşmışdı. Artıq Azərbaycan ötən illə müqayisədə öz mövqeyini 7 pillə yaxşılaşdırıb. Bütün bunlar təsadüfi deyil. Ona görə ki, yola saldığımız 2018-ci il vergi sahəsində geniş islahatlar paketinin hazırlanması və vergi qanunvericiliyinə mühüm dəyişikliklərin edilməsi ilə yadda qaldı. Vergi Məcəlləsinə 5 istiqamət üzrə dəyişikliklər nəzərdə tutulur. Birinci, kölgə iqtisadiyyatının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması, ikinci, vergitutma bazasının genişləndirilməsi, üçüncü, vergi inzibatçılığının təkmilləşdirilməsi, dördüncü, vergi güzəştlərinin iqtisadi səmərəliliyinin yüksəldilməsi və nəhayət, vergi ödəyicilərinin hüquqlarının, o cümlədən sahibkarlığın inkişafının dəstəklənməsidir. Bu 5 istiqaməti nəzərə alaraq məcəlləyə dəyişikliklər edilib. Bu və digər dəyişikliklər Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına öz təsirini göstərib.
Maraqlıdır, bəs ekspertlər Azərbaycanın "Paying Taxes 2019" vergitutma reytinqində mövqeyinin yaxşılaşmasını nə ilə izah edirlər?
Sözügedən məsələyə aydınlıq gətirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin direktoru Ruslan Atakişiyev bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Vergi Məcəlləsinə edilən düzəlişlər Azərbaycanın reytinqinin yüksəlməsinə öz müsbət təsirini göstərib. Çünki bu sahədə edilən yeniliklər sahibkarlıq subyektlərinə müsbət təsir göstərir. Növbəti ildə qüvvəyə minəcək Vergi Məcəlləsində qeyri-neft sektorunun, mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün daha geniş imkanlar yaradılıb. Bütün bunlar təbii ki, Azərbaycanın reytinq cədvəlində nüfuzuna müsbət təsir göstərir. Bir daha qeyd edim ki, vergi sistemində əsas yeniliklər qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Yəni burada əsas güzəştlər kiçik və orta biznesin klaster təşkilatlarına edilir. Həmin güzəşt ondan ibarətdir ki, sözügedən subyektlər 7 il müddətinə vergidən azad edilirlər. Startap şəklində fəaliyyət göstərən subyektlər isə 3 il vergidən azad olunurlar. Bununla yanaşı, qeyri-neft sektorunda çalışan və məvacibi 8 min manata qədər olanlar isə gəlir vergisindən azad olunublar. Necə deyərlər, mikrosahibkarlıq subyektləri fəaliyyət göstərdikləri zaman gəlirlərindən 75 faiz tutulacaq. Yerdə qalan hissə isə vergitutma mənbəyi hesab olunacaq. Ümumiyyətlə, bütün bu yeniliklərin məqsədi, mahiyyəti ondan ibarətdir ki, vergi ödəyicilərinin sayı artsın. Vergi ödəyicilərinin artması nəticəsində vergi yığımları formalaşır. Nə qədər çox vergi ödəyicisi olsa, bu bir o qədər daha çox verginin yığılmasına gətirib çıxaracaq”.
Vidadi ORDAHALLI