Sahib Məmmədov: “Bütün bunların özü mühüm məsələdir”
Azərbaycan dövləti sosialyönümlü siyasət aparır və ölkədə sosial təminatın, sosial infrastrukturun yaxşılaşdırılmasına yönələn ardıcıl proqramlar həyata keçirir. Dövlət büdcəsinin xərclər hissəsində sosialyönümlü xərclər mühüm paya malikdir. Bütövlükdə, büdcədən hər il sosialyönümlü proqramlara ayrılan xərclər, ümumilikdə, milyardlarla manat həcmindədir.
Bununla yanaşı, Azərbaycanda sosial təminatın gücləndirilməsi ilə bağlı verilən müavinət növləri çoxsaylı və müxtəlifdir. Dünyanın heç bir yerində Azərbaycandakı qədər müavinət və kompensasiya növü yoxdur. Ümumilikdə, ölkədə 40-a yaxın müavinət, kompensasiya növü və müxtəlif təqaüdlər var. Bu baxımdan ölkə unikal göstəricilərə malikdir.
Məsələn, əlilliyə görə müavinətlər verilir. Bura anadəngəlmə əlillikdən tutmuş, digər səbəblərdən əlil olan şəxslər daxildir. Uşaq doğularkən, vəfat edən şəxsin dəfni üçün, Çernobıl qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinətlər verilir. Eyni zamanda, 3 yaşadək uşaqlara qulluğa görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir.
Hamiləliyə və doğuma görə, 70 yaşdan yuxarı tənha, ahıl vətəndaşlara əlavə aylıq müavinət, kommunal xidmətlərə görə müharibə iştirakçılarına, həmçinin, sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına aylıq müavinət ödənilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olanlara, Böyük Vətən Müharibəsi əlillərinə və iştirakçılarına, müharibə əlillərinə bərabər tutulanlara aylıq, 20 Yanvar əlillərinə əlavə aylıq müavinət verilir. Həqiqi hərbi xidmət dövrü Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlil olmuş hərbi qulluqçulara aylıq müavinət verilir. Həlak olmuş və vəfat etmiş döyüşçülərin dul arvadlarına aylıq, şəhid ailəsi üzvlərinin hər birinə aylıq müavinət ödənilir. Bununla belə, əmək pensiyası almaq hüququ olmayanlara yaşa görə müavinət verilir.
Digər tərəfdən, Milli Qəhrəman adı verilmiş şəxslərə, 20 Yanvar şəhidlərinin ailələrinə, mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə fəxri ad alan şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilir.
Göründüyü kimi, bu sahədə çoxsaylı sosial müavinət növü var ki, bu da, ümumilikdə, əhalinin sosial təminatının yaxşılaşmasına xidmət edir.
Bu baxımdan ekspertlərin sözügedən məsələyə münasibəti necədir?
Məsələyə münasibət bildirən Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, ölkədə müavinət növləri çoxşaxəlidir: “Məsələn, dəfnə görə, əmək qabiliyyətini itirməyə, doğuşa görə müavinətlər verilir. Həmçinin, qismən ödənişli sosial məzuniyyət verilir. Bunların hamısı sığorta olunan müavinətlərdir və işəgötürənlə işçinin birgə topladığı vəsaitdən verilir. Necə deyərlər, yığım fondundan ödənilir. Bununla yanaşı, dövlət tərəfindən müxtəlif müavinətlər verilir. Ünvanlı sosial yardım, əlilliyə və digər səbəblərə görə müavinətlər ödənilir. Çoxsaylı sosial müavinətin olması müsbət haldır. Bunlar bir qədər artıq, bir qədər az da ola bilər. Bəzən verilən müavinətlərin həcmi ilə bağlı müxtəlif fikirlər səslənir. Xüsusən də əlilliklə bağlı müavinətlərin az olması ilə bağlı zaman-zaman müxtəlif fikirlər səslənir. Hansı ki, işləri, məşğuliyyətləri yoxdur, amma müavinətlərin həcmindən narazılıq edirlər. Deyirlər ki, çox azdır. Onu da qeyd edim ki, pensiyaların təyin olunmasından tutmuş, müavinətlərin verilməsinə qədər görülən işlərdə asanlaşma prosesi gedir. Məsələ ondadır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Publik Agentliyi yaradılır. Sözügedən qurum əhaliyə bu cür xidmətləri internet üzərindən göstərəcək. Əvvəllər pensiya yaşı çatanda vətəndaş çoxsaylı sənəd yığıb gətirməli idi. Bundan sonra isə əksinə olacaq. Vətəndaşın pensiya yaşı çatanda ona xəbər verəcəklər ki, pensiyan təyin olunub. Kartını filan bankın, filan şöbəsindən götürə bilərsən. Yaxud da müavinətlərin təyin olunması ilə bağlı analoji sistem xidmət göstərəcək. Bütün bunların özü mühüm məsələdir. O ki, qaldı müavinətlərin həcminin artırılması məsələsinə, bu, sosial yığımdan asılı olacaq. Sosial yığım nə qədər çox olsa, bu bir o qədər həcmə öz təsirini göstərəcək. Hazırkı dövrdə sosial yığım aşağı olduğuna görə həcmin artmasında problemlər var. Ancaq proseslərin gedişindən asılı olaraq, bu, gələcəkdə dəyişə bilər”.
Vidadi ORDAHALLI