“Yaponiya məhz Azərbaycanın malik olduğu logistik imkanları doğru qiymətləndirərək, ölkəmiz vasitəsilə “Bir kəmər - Bir yol” layihəsi vasitəsilə yükdaşımaların realaşdırılmasını doğru və sərfəli addım kimi dəyərləndirib”
Yaponiyanın ölkəmizdəki səfiri Teruyki Katori bildirib ki, ölkəsi “Bir kəmər - Bir yol” layihəsi vasitəsilə Azərbaycanla ticarət dövriyyəsini artırmaqda maraqlıdır. Səfir bildirib ki, bu yoldan istifadə etməklə onlar malların Azərbaycana çatdırılmasında xeyil vaxt itikisinə qənaət edə bilərlər: “Biz bilirik ki, Azərbaycanda yapon istehsalı olan avtomobillər çox dəbdədir və onlara böyük tələbat var. Onlar hazırda Azərbaycana Gürcüstan vasitəsilə gətirilir və bu 3 həftə vaxta başa gəlir. Bu yoldan istifadə etməklə isə biz malın çatdırılması müddətini 10 günə kimi azalda bilərik”.
Səfir həmçinin qeyd edib ki, “Bir kəmər-Bir yol” layihəsinin təqdim edilən variantlarının heç də hamısı Azərbaycandan keçməsə də, Yaponiya Azərbaycanın təşəbbüskarı olduğu “Şimal-Cənub” və “Bakı-Tiflis-Qars” layihələrindən istifadə etməklə öz mallarını lazım olan istiqamətdə daşlya bilər. Sözügedən layihə ilə bağlı bəzi siyasi nüanslar olsa da, iqtisadi nöqteyi-nəzərdən layihə bu yolun üzərində olan bütün ölkələr üçün sərfəli sayılır.
Yaponiyanın “Bir Kəmər-Bir yol” layihəsi üzrə Azərbaycan vasitəsilə yükdaşımaya maraq göstərməsi necə dəyərləndirilə bilər?
İqtisadı ekspert Elşən Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, Çinin müəllifliyi ilə baş tutan "Bir kəmər - Bir yol” layihəsinə maraq çox böyükdür: “ Təsadüfi deyil ki, layihənin təqdim olunmasında 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, sərmayədarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib. Çin bu layihə vasitəsilə Avropa və Asiyanın 65-dən artıq ölkəsində dəmir və avtomobil yolları, liman və vağzalların inkişafına 113 mlrd. dollar investisiya yatırmağa hazır olduqlarını bəyan edib. Avrasiyanın simasını dəyişəcək inteqrasiyanın inkişafına səbəb olacaq bu layihədə ölkələrin daha çox könüllük prinsipi üzrə fəaliyyətinə şərait yaradılır. Hesab edilir ki, sözügedən layihə Avrasiyada siyasi sabitliyə, terrorizm və ekstremizmə olan dəstəyin azalmasına gətirib çıxaracaq. Ölkəmiz üçün ən önəmli məsələlərdən biri budur ki, artıq fəaliyyətə başlayan Bakı-Tlfis-Qars dəmir yolu layihəsi İpək yolunun mühüm bir hissəsi kimi bu layihə çərçivəsində çəlbedici olacaq. İpək yolunun bir hissəsi olan Orta Dəhliz layihəsi Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistanı əhatə etməklə Çində başa çatacaq ticarət yoludur. Çinin bu layihəsi Rusiyadan dəstək alıb.
Maraqlıdır ki, Yaponiya layihənin ilkin təqdimat forumunda iştirakdan imtina etmişdi. Ancaq görünür, layihənin artıq realığa çevrilməsi Yaponiyanı da fikirindən döndərə bilib. Beləliklə, böyük bir coğrafiyada effektlər yaradacaq "Bir kəmər - Bir yol” layihəsi yeni strateji reallıqların tərənnümü kimi qeyd olunur. Burada əsas oyunçu rolunda Çinin çıxış etməsi gerçək amil olsa da, faydalanma Şanxaydan Avropanın son Atlantik sahillərinə qədər bir nəqliyyat oxunda düzlənən bütün region ölkələrini əhatə edəcək. Bu çoxsaylı ölkələr içərisində öz geosiyasi və geostrateji mövqeyi ilə seçilən tarixi İpək yolunun Şimal-Cənub nəqliyyat marşrutu ilə kəsişdiyi mühüm geostrateji məkanda qərarlaşan Azərbaycan da var. Ölkəmiz özünün müvafiq nəqliyyat-infrastruktur və logistik imkanları məcmusunda mühüm tranzit üstünlükləri ilə fərqlənir. Avropa ilə Asiyanı birləşdirəcək yeni alternativ bağlantı - Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işə düşməsi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin yaradılması, Şimal-Cənub nəqliyyat dəhlizinin yenidən qurulması fonunda bu effektlər daha real görkəm alacaq.
Hesab edirəm ki, Yaponiya məhz Azərbaycanın malik olduğu logistik imkanları doğru qiymətləndirərək, ölkəmiz vasitəsilə “Bir kəmər-Bir yol” layihəsi vasitəsilə yükdaşımaların realaşdırılmasını doğru və sərfəli addım kimi dəyərləndirib”.
Məhəmmədəli QƏRİBLİ