İlham Şaban: “Artıq TAP-ın genişlənməsi çərçivəsində Balkanlara, oradan isə Baltikyanı ölkələrə xüsusi qaz kəmərinin çəkiləcəyi planlaşdırılır”
Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç Bakıda keçirilən VII Beynəlxalq "Caspian Energy 2018" forumunun iştirakçılarına videomüraciətində deyib ki, Azərbaycan və bütün Xəzər regionu energetika sahəsində Avropanın mühüm tərəfdaşlarıdır.
M.Şefçoviç qeyd edib ki, Azərbaycan Avropaya enerji resurslarını şaxələndirməyə və regional geosiyasi balansı yaxşılaşdırmağa imkan verən "Cənub Qaz Dəhlizi"nin əsas iştirakçısıdır.
Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq: "2020-ci ildə Azərbaycan qazının ilk həcmləri Avropaya çatacaq. Bu həm dövlətlərin, həm də iştirakçı ölkələrin özəl sektorlarının siyasi və iqtisadi səylərinin kulminasiyası adlandırıla biləcək tarixi hadisə olacaq. Qaz Avropa ölkələrinə yalnız öz energetika hədəflərinə çatmağa kömək etməyəcək, eləcə də Avropa İttifaqına daxil olmayan ölkələr bundan faydalanacaq".
M.Şefçoviçin fikrincə, bundan başqa, "Cənub Qaz Dəhlizi"nin uğurlarından alternativ enerji, ekologiya və digər sahələrdə əməkdaşlıq üçün də yararlanmaq olar.
Göründüyü kimi, Maroş Şefçoviç bildirib ki, “Cənub Qaz Dəhlizi"ndən Avropa İttifaqına üzv olmayan ölkələr də yararlana biləcəklər. Avropalı rəsmisi hansı ölkələri nəzərdə tutur?
Enerji məsələləri üzrə ekspert İlham Şaban qəzetimizə açıqlamasında bildirdi ki, Maroş Sefçoviç bu açıqlamanı təsadüfən verməyib: “Məlumdur ki, Azərbaycanın əsas təşəbbüskarı olduğu və əsasən ölkəmizin qaz ehtiyatlarını xaricə daşıyacaq “Cənub Qaz Dəhlizi” layihəsinin başlıca təyinatı Avropa qitəsidir. Bildiyiniz kimi, Avropa qitəsində olan ölkələrin heç də hamısı Avropa Birliyinə üzv deyil. Lakin bu layihədən yalnız Avropa Birliyi ölkələrinin faydalana biləcəyi ilə bağlı xüsusi bir tələb və şərt yoxdur. Hesab edirəm ki, Avropa rəsmisi fikrini dəqiq ifadə edib və o bu kontekstdə əsasən Balkan ölkələrini nəzərdə tutub. Artıq TAP-ın genişlənməsi çərçivəsində Balkanlara, oradan isə Baltikyanı ölkələrə xüsusi qaz kəmərinin çəkiləcəyi planlaşdırılır. Bundan da əsasən Xorvatiya, Serbiya, Çernoqoriya kimi ölkələr faydalana biləcək. Ancaq bu, gələn onilliyin ortalarında başa gələcək. Düşünürəm ki, həmin vaxta kimi deyilən ölkələrin çoxu Avropa Birliyinin üzvü olacaq. Çünki onların bu yöndə ciddi fəaliyyəti və istəkləri var. Bir daha qeyd edirəm ki, indiki kontekstdən yanaşdıqda Avropa rəsmisi fikrini düz ifadə edib”.
Məhəmmədəli QƏRİBLİ