Mustafa Abbasbəyli: “Zərərin qiymətləndirilməsi bütün sığorta şirkətlərində eyni formada həyata keçiriləcək”
Xəbər verildiyi kimi, ölkədə sığorta zərərlərinin qiymətləndirilməsi üzrə vahid elektron sistem istifadə olunacaq. Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli media nümayəndələrinə açıqlamasında bildirib.
O qeyd edib: “Bu sistem artıq iki ildir tətbiq olunsa da, sığorta şirkətlərinin əksəriyyəti bundan istifadə etmir. Bu sistemdən kütləvi şəkildə istifadə olunmurdu. Ancaq biz bu prosesi sürətləndirmək istəyirik ki, insanlar belə bir sistemin olmasından xəbərdar olsunlar. Eyni zamanda, onların götürdükləri və qoyduqları məbləğ haqqında məlumatlı olsunlar. Bu çox zəruridir. Çünki əhalinin sığorta şirkətlərinə etimadının bərpa olunmasına ehtiyac var”.
Ölkədə sığorta zərərinin qiymətləndirilməsi üzrə vahid elektron sistemin yaradılması sığorta sahəsində yaşanan problemlərin aradan qaldırılması istiqamətində nə kimi effekt verəcək?
Məsələ ilə bağlı fikir bildirən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sığorta zərərlərinin qiymətləndirilməsi üzrə vahid elektron sistemin istifadə olunması bu sahədə yaşanan problemləri aradan qaldıracaq: “Zərərin qiymətləndirilməsi şəffaflandırılacaq. Bu sahədə görüləcək işlər artıq vahid sistemlə həyata keçiriləcək”.
M.Abbasbəylinin sözlərinə görə, zərərin qiymətləndirilməsi bütün sığorta şirkətlərində eyni formada həyata keçiriləcək: “Hesab edirəm ki, bundan həm sığorta şirkətləri, həm də istifadəçilər razı qalacaq”.
Günel CƏLİLOVA