Əkrəm Həsənov: “Geri qaytarılmayan kreditlərin əksəriyyəti bank sahiblərinin və bank inzibatçılarının süni yolla yaratdığı problemdir”
Problemli kreditlərin həcmi günü-gündən artır. Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il mayın 1-nə 1 708,8 mln. manat təşkil edib.
Məlum olduğu kimi, problemli kreditlərin həcminin artması vətəndaşların maddi durumuna təsir etməklə yanaşı, banklara da təsir göstərir. Çünki banklar verdikləri kreditləri yığa bilmədiklərindən, yeni kredit xətləri açmaqda çətinlik çəkirlər. Kreditləşdirmə olmadan isə bankların sağlamlaşdırılmasından söhbət gedə bilməz. Vaxtilə verilmiş kreditlər üzrə borclar da geri qayıtmadıqca, rəqəm daha da artır. Onu da qeyd edək ki, problemli kreditlərin həcminin artması beynəlxalq təşkilatların tərtib etdikləri hesabatda da yer alır. Geri qaytarılmayan kreditlər məsələsi Avropa Birliyinin “Azərbaycanda biznes mühiti 2018” adlı hesabatında da qeyd olunub. Həmçinin, qeyd olunan problemlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına təşkilatlar, millət vəkilləri və digər bir sıra qurumlar tərəfindən edilən müraciətlər artmaqda davam edir.
Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, problemli kreditlərin həll olunması istiqamətində real işlər görülmür: “Dəfələrlə qeyd etmişəm ki, geri qaytarılmayan kreditlərin əksəriyyəti bank sahiblərinin və bank inzibatçılarının süni yolla yaratdığı problemdir. Bu kreditlər əsasən bank sahiblərinin və ya inzibatçılarının öz yaxınlarına verdiyi kreditlərdir. Onu da deyim ki, bu kreditlər çox ucuz şərtlərlə, girovsuz verilib. İndisə banklar bilərəkdən həmin kreditləri yığmırlar. Bu səbəbdən də hesab edirəm ki, hüquq-mühafizə orqanları və Maliyyə Bazarlarına Nəzarət Palatası bütün bankları yoxlayıb, belə kreditləri müəyyənləşdirməlidirlər. Bankdan qanunsuz çıxarılan pulların geri qaytarılması üçün bank sahiblərinə müəyyən göstərişlər verilməlidir. Bu addım atılmayınca problemli kredit məsələsi həll olunmayacaq”.
Həmsöhbətimiz onu da bildirdi ki, hazırda geri qaytarılmayan kreditlərin həcmi günü-gündən artmaqda davam edir.
Günel CƏLİLOVA