Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərini idarə edən xarici menecerlərin sayı artıb. ARDNF-dən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, səhm portfelinin payının ARDNF-nin investisiya portfelində artması ilə əlaqədar 2017-ci ilin sonunda və cari ilin əvvəlində “Mellon Capital Management”, “BlackRock Investment Management” və “Sumitomo” xarici menecerlər siyahısına əlavə olunub.
“ARDNF hazırda vəsaitlərinin müəyyən hissəsinin idarə olunması ilə bağlı olaraq yeddi xarici menecerlə əməkdaşlıq edir. Xarici menecerlerdən ikisi - Dünya Bankı (“World Bank”) və “Deutsche Bank Advisors” sabit gəlirli qiymətli kağızlar üzrə, digər dörd xarici menecer - “State Street Global Advisors (SsgA)” , “UBS Global Asset Management”, “BlackRock Investment Management” və “Mellon Capital Management” isə səhmlər üzrə portfeli idarə edir. ARDNF-nin xarici meneceri kimi “Mellon Capital Management” və “BlackRock Investment Management” müvafiq olaraq 2017-ci ilin iyul və oktyabr aylarında fəaliyyətə başlayıb. 2018-ci ilin yanvar ayında isə bu siyahıya “Sumitomo” şirkəti də əlavə edilib. Fond əməkdaşlıq etdiyi xarici menecerlərlə fəaliyyətini davam etdirir və hazırda hər hansı yeni xarici menecerin cəlbi nəzərdə tutulmayıb. ” – deyə məlumatda qeyd olunub.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun xarici menecerlər tərəfindən idarə olunan vəsaitlərinin ümumi məbləği də məlum olub. ARDNF-dən bildirilib ki, 2018-ci il yanvarın 1-nə Fondun xarici menecerlər tərəfindən idarə olunan vəsaitlərinin məbləği 4,069 mlrd. dollar təşkil edib ki, bu da ARDNF-nin aktivlərinin 11,4%-i həcmindədir.
”Dünya Bankı” (“World Bank”) tərəfindən idarə olunan vəsaitlərin məbləği 228 milyon dollar (ARDNF-nin aktivlərinin 0,6%-i), “Deutsche Bank Advisors” tərəfindən 104 milyon dollar (ARDNF-nin aktivlərinin 0,3%-i), “UBS Asset Management” tərəfindən 1,598 milyard dollar (ARDNF-nin aktivlərinin 4,5%-i), “State Street Global Advisors” (SSgA) tərəfindən 1 493 milyon dollar (ARDNF-nin investisiya portfelinin 4,2%-i), “Mellon Capital Management” tərəfindən 332 milyon dollar (ARDNF-nin aktivlərinin 0,9%-i), “BlackRock Investment Management” tərəfindən idarə olunan vəsaitlərin məbləği isə 315 milyon dollar (ARDNF-nin aktivlərinin 0,9%-i) təşkil edir,” – deyə məlumatda qeyd olunub.