Pərviz Heydərov: “Dünya maliyyə bazarında ABŞ valyutası avroya nisbətən möhkəmlənirsə, bu, avtomotik olaraq, qeyd olunan valyutanın məzənnədən düşməsinə səbəb olur”
Son zamanlar avronun məzənnəsi manata qarşı dəyişir. Ümumiyyətlə, avro tək manata qarşı deyil, eyni zamanda dollara qarşı da dəyər itirir. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın xarici valyutalara qarşı məzənnəsini elan edib. Azərbaycan Mərkəzi Bankı tərəfindən manatın avroya qarşı 1,9869 AZN səviyyəsində məzənnəsi élan olunub.
İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, manat dünyanın aparıcı valyutaları arasında dəyər nöqteyi-nəzərdən ABŞ valyutasına bağlıdır: “Ölkədən ixrac olunan məhsullara görə daxil olan əsas valyuta növünü dollar təşkil edir. Bu səbəbdən də daxili valyuta bazarında milli valyutamız olan manatın dəyəri məhz ABŞ dollarına görə müəyyən olunur. Belə ki, dünya maliyyə bazarında ABŞ valyutası avroya nisbətən möhkəmlənirsə, bu, avtomotaik olaraq, həmin valyutanın məzənnədən düşməsi ilə nəticələnir. Bu bilavasitə ticari əlaqələrdən deyil, ABŞ valyutasına nəzərən yaranan tendensiyadır”.
Həmsöhbətimiz onu da bildirdi ki, Azərbaycanın ixrac məhsullarının əsas hissəsini neft məhsulları təşkil edir. Avronun daxili valyuta bazarında manata nisbətən dəyərdən düşməsinin səbəbi onun dünya maliyyə bazarında dəyərini itirməsi ilə bağlıdır: “Avronun Azərbaycanda məzənnəsinin aşağı düşməsi dünya bazarında avronun dollara nisbətən ucuzlaşması ilə bağlıdır. Manatın məzənnəsi dollara münasibətdə müəyyən edilir. Lakin digər valyutalara nisbətdə manatın məzənnəsi çarpaz müəyyən olunur”.
Günel CƏLİLOVA