İlham Şaban: “OPEK ABŞ-ın tövsiyəsinə əməl etməyə borcludur”
ABŞ OPEK ölkələrinə neft hasilatını sutkada 1 milyon barrelədək artırmağı təklif edib. Məlumata görə, bu təklif bir neçə gün əvvəl Küveytdə ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda səsləndirilib. Buna səbəb kimi ABŞ-da benzin qiymətlərinin yüksəlməsi göstərilib.
Vaşinqton benzinin qiymətinin azalması üçün neftin ucuzlaşmasının zərurətini vurğulayıb. Qeyd edək ki, aprel ayında ABŞ Prezidenti Donald Tramp OPEK-i neft qiymətlərini süni şəkildə qaldırmaqda ittiham etmişdi. Xatırladaq ki, OPEK-in son qərarı ilə 2016-cı ildə neft hasilatı aşağı salınıb. Bütün bunların fonunda, OPEK ABŞ-ın tələbinə riayət edəcəkmi?
Neft məsələləri üzrə ekspert İlham Şaban qəzetimizə açıqlamasında bildirdi ki, belə bir vəziyyətin yaranması sırf İran faktoruna görədir: “İrana qarşı tətbiq edilən sanksiyalar nəticəsində bazardan bir milyon barrel neftin çıxarılacağı proqnozlaşdırılır. Dünya bazarı üçün bu ciddi rəqəmdir. Bu yalnız ABŞ-ı deyil, digər ölkələri də narahat edir. Həmin rəqəmi OPEK ölkələri mütləq kompensasiya etməlidirlər. Əks halda, ciddi fəlakətlər baş verə bilər. OPEK bunu edəcəyi təqdirdə heç nə dəyişməyəcək. Başqa məsələ isə bununla bağlıdır ki, İran əvvəlki kimi ABŞ-ın sanksiyasına riayət edəcəkmi? Yəqin gördünüz ki, İran nüvə proqramını yenidən bərpa edəcəyini bəyan etdi. Bu, faktiki olaraq, İranla ABŞ-ın baş-başa gəlməsidir. Belə olan tərzdə İran öz neftini dünya bazarına satmaqda israrlı olacaq. Ancaq bu heç də o anlama gəlmir ki, həmin neftə alıcı tapa biləcək. Sanksiyalarla üzləşməmək üçün heç bir ölkə İranla neft sövdələşməsinə getməyəcək. Onda İran məcbur olacaq neftin həcmini bir milyon barrel azaltmağa. Əvvəlki illərin təcrübəsi göstərir ki, nə qədər buna ciddi cəhdlə əməl edilsə də, neft qaçaqmalçılığı qaçılmaz olacaq. Onda da neftin qiyməti bazardakından iki dəfə ucuz satılacaq. Bu kimi faktorlar məsələni mürəkkəb edir. Belə olan tərzdə həm OPEK ölkələri hasilatı artırır, digər tərəfdən isə İran qaçaq yolla bazara neft çıxarır. Bu da neftin xeyli ucuzlaşmasına gətirib çıxaracaq ki, neft hasil edən ölkələrin ürəyincə olmayacaq. OPEK ABŞ-ın tövsiyəsinə əməl etməyə borcludur. Mənə elə gəlir ki, onların başqa yolu da yoxdur”.
Məhəmmədəli QƏRİBLİ