Pərviz Heydərov: “Son zamanlar beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatının gələcəyi ilə bağlı irəli sürdüyü proqnozlar özünü yüksək səviyyədə doğruldur”
Dünya Bankı cari il və gələn il üçün Azərbaycan iqtisadiyyatında nə qədər artım olacağını açıqlayıb. Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının artımını 2%, gələn il üçün isə artımı 3-4% arasında proqnozlaşdırır. Bunu Azərbaycan - Aİ biznes forumunda Dünya Bankının (DB) Azərbaycan üzrə meneceri Naveed Hassan Naqvi deyib.
O qeyd edib ki, qeyri-neft sektoru çətin vaxtlar dönəmində artıb, amma ölkənin iqtisadiyyatı hələ də neftdən, onun qiymətindən və neft satışından əldə etdiyi qazancdan asılıdır: “Bununla belə, Azərbaycan hökuməti lazımı olan sahələrə yaxşı sərmayələr edib. Məsələn, son 25 ildə infrastrukturun inkişafına çoxlu sərmayə edilib".
Azərbaycan iqtisadiyyatında bu il 2, gələn il isə 3-4 faiz artımın olması proqnozunu ekspertlər də təsdiqləyirlər.
İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatının gələcəyi ilə bağlı irəli sürdüyü proqnozlar özünü yüksək səviyyədə doğruldur. Bu da ölkə iqtisadiyyatında pozitiv meyllərin müşahidə olunması ilə bağlıdır. Makroiqtisadi göstəricilərdə dayanıqlıq, ölkəyə daxil olan valyutanın həcmi artır. Burada neftin qiymətinin xüsusi rolu var”.
Həmsöhbətimizin sözlərinə görə, xarici maliyyə qurumlarının Azərbaycanla bağlı irəli sürdüyü proqnozlar məhz neftin dünya bazarındakı qiymətlərinə əsaslanır: “Belə olan halda, ölkəyə daxil olacaq valyuta gəlirləri geniş xarakter daşıyacağından, həmin maliyyə qurumları müsbər proqnozlar açıqlayırlar”.
İqtisadçı onu da əlavə etdi ki, Azərbaycan iqtisadiyyatının inkişafı qeyri-neft sektorunda qeydə alınan inkişafla bağlıdır: “Qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər davam etdirilir. Qeyri-neft məhsullarının ixracı sahəsində inkişaf artır. Bütün bunların ümumdaxili məhsul göstəricisində kifayət qədər yüksək rəqəmlərlə ifadə olunması üçün təsir gücü hələ azdır”.
Günel CƏLİLOVA