Vahid Məhərrəmov: “Bu gün Azərbaycanda quş əti məhsulunun satış qiyməti yüksəkdir” Əli Əlirzayev: “Xaricə quş əti məhsulunun satışında çətinlik yaşanmasının səbəbi keyfiyyətin aşağı olması ilə bağlıdır”
Xaricə quş əti məhsulunun satışının çətin olduğu bildirilir. Bunu Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev media nümayəndələrinə açıqlamasında qeyd edib. O bildirib ki, Quşçular Cəmiyyəti məhsulların bahalaşmasının tərəfdarı deyil: "Quş əti olmasa, mal, qoyun ətinin satış qiyməti əlli manat ola bilər. Bütün təbəqələrin əldə edə biləcəyi sabit qiymətin olmasının tərəfdarıyıq".
A.Vəliyev əlavə edib ki, xaricə quş əti satmaq çətindir: "Əti satmaq baha başa gəlir. Amma yumurtanı sata bilirik. Ötən il İraqa, Əfqanıstana və İrana yumurta ixrac olunub. Əsasən müsəlman ölkələri Azərbaycandan yumurta alır. Azərbaycan quş ətinə tam tələbatını ödəyir".
Xaricə quş əti məhsulunun satışının nə səbəbdən çətin olduğunu öyrənmək məqsədilə ekspertlərə müraciət etdik.
Məsələ ilə bağlı fikir bildirən Vahid Məhərrəmov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hər il ölkəyə 20 min tona yaxın quş əti gətirilir: “Bir kiloqram quş əti üçün 80 sent gömrük rüsümü tətbiq edilmişdi. Ancaq buna baxmayaraq, qeyd olunan sahəyə elə də təsiri olmadı. Bu gün Azərbaycanda quş əti məhsulunun satış qiyməti yüksəkdir. Bu səbəbdən də idxal olunan məhsulun satışında hər hansı bir problem yoxdur”.
İqtisadçı-ekspert Əli Əlirzayev qəzetimizə açıqlamasında bildirdi ki, xaricə quş əti məhsulunun satışında çətinlik yaşanmasının səbəbi keyfiyyətin aşağı olması ilə bağlıdır: “Keyfiyyəti aşağı olan məhsul rəqabətqabiliyyətli bazarda alıcı problemi yaşayacaq. Azərbaycan quş əti istehsalında dünyada sertifikat almalıdır. Necə ki, Azərbaycan pomidoru dünyada tanınır və hər kəs sevə-sevə qeyd olunan tərəvəzi alır. Məlumat üçün bildirim ki, Bolqarıstan və Rusiyanın quş ətinə daha çox tələbatı var. Yerli vətəndaşlar belə quş əti məhsullarından az istifadə edirlər. Çünki onun keyfiyyətinə şübhə ilə yanaşırlar”.
Günel CƏLİLOVA