Əli Əlirzayev: “Nəticədə bu yöndə görülən işlər beynəlxalq təşkilatların diqqətindən yayınmır”
Avropa İttifaqı (Aİ) və Azərbaycan 2030-cu ilə qədər əməkdaşlıq planını hazırlamalıdır. Sözügedən məsələ ilə bağlı yayılan məlumata görə, bunu Bakıda jurnalistlərə Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger deyib.
Onun sözlərinə görə, neft-qaz və alternativ energetika sahəsində Azərbaycanın potensialı yaxşı təəssürat yaradır. Azərbaycanda alternativ enerji mənbələrinin inkişafından danışarkən günəş enerjisi, hidroenergetikanın inkişafı üçün böyük imkanları xüsusi vurğulamaq olar.
Bununla belə, Ottinger Azərbaycanda yaradılan əlverişli investisiya və biznes mühitinə xüsusi önəm verib. O bununla bağlı Bakının rolunu xüsusi qeyd edib: “Bakıda Paris, Monte Karlo və Moskva ilə müqayisədə əlverişli investisiya iqlimi var”.
Reallıq ondan ibarətdir ki, son illər ölkədə bir sıra ciddi islahatlar aparılıb. İslahatların bir qismi məhz investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlıdır. Belə ki, 2016-cı ilin yanvarından ölkənin ixrac potensialının sürətləndirilməsi istiqamətində ciddi işlər görüldü. Prezident bir sıra müvafiq qərar və sərəncamlar verdi, hüquqi-normativ aktlar imzaladı. Hökumətə mühüm tapşırıqlar verildi, struktur islahatları aparıldı, islahatlara nəzarət mexanizmi təşkil edildi. Bütün bunlar ölkədə makroiqtisadi sabitliyin zəifləməsinin qarşısını aldı. Ölkənin, xüsusən də Mərkəzi Bankın rəsmi ehtiyatları da daxil olmaqla, ümumi valyuta ehtiyatları tükənmədi, əksinə, artmağa başladı.
Bütün bunların fonunda, Bakıda Paris, Monte Karlo və Moskva ilə müqayisədə əlverişli investisiya iqliminin olması nəyin göstəricisidir? Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayevin sözlərinə görə, belə münbit şəraitin yaranması son illər aparılan islahatlarla əlaqədardır: “Bu, ölkədə aparılan islahatların düzgünlüyündən irəli gəlir. Son illər bu istiqamətdə görülən işlər, islahatların effekti əvvəlkilərlə müqayisədə daha yüksəkdir. Bunu bir sıra faktorla da göstərmək olar. Məsələ ondadır ki, beynəlxalq səviyyədə aparılan müqayisəli qiymətləndirmələr bunu təsdiq edir. Məsələn, rəqabət mühitinə görə Azərbaycan dünya ölkələri arasında 35-ci yerdədir. Başqa göstəricilərə görə də Azərbaycan xeyli irəliləyib. Bütün bunların hamısı dünya səviyyəsində Azərbaycanın mövqeyini və burada sahibkarlığın inkişafının ümumi şəraitini xarakterizə edir. Ona görə də xarici investorlar ölkə iqtisadiyyatına sərmayə qoyurlar. Nəzərə almaq lazımdır ki, istənilən halda, investisiya qoymaq risqlidir. O ölkəyə investisiya qoyurlar ki, orada investisiya risqi aşağıdır. Öz gəlir və çıxarlarını ölçüb-biçəndən sonra bu addımı atırlar. Ona görə də mən də hesab edirəm ki, Azərbaycanda aparılan islahatlar düzgündür və məqsədəuyğundur. Qeyri-neft sektorunun inkişafı, neft gəlirləri hesabına bir sıra istehsal sahələrinin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi bura aiddir. Bütün bunlar tam düzgün siyasətdir və hamısı da aktualdır. İnvestisiya şəraitinin daha da yaxşılaşdırılması üçün sistemli işlər görülür. Nəticədə bu yöndə görülən işlər beynəlxalq təşkilatların diqqətindən yayınmır. Hesab edirəm ki, bu istiqamətdə aparılan islahatlar Bakıda investisiya üçün əlverişli şərait yaradır. Hesab edirəm ki, bütün bunlar xarici sərmayə axınını daha da artıracaq”.
Vidadi ORDAHALLI