İlham Şaban: “Azərbaycanda olan bir sıra yeniliklər onlarda hələ tətbiq edilməyib”
Bakıda 25-ci “Xəzər neft və qaz -2018” sərgisi öz işinə başlayıb. 4 gün davam edəcək sərgidə dünyanın aparıcı neft və qaz şirkətlərinin ən son texnologiyaları nümayiş etdirilir. Azərbaycanda istehsal edilən ağır sənaye məhsulları, dənizin 3000 metr dərinliyində təmir, bərkitmə və açma işləri aparmağa imkan verən qurğu, müxətlif helikopter maketləri və simulyatorlar sərgidə təqdim olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində 25-ci yubiley beynəlxalq “Xəzər neft və qaz-2018” sərgisi ilə tanış olublar.
Bildirilir ki, bu il yubiley sərgisi onun keçirildiyi ilk gündən bu tədbiri dəstəkləyən və keçirilməsinin təşəbbüskarı olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə təsadüf edir. Birinci sərgi 1994-cü ildə, elə həmin ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsinin əsas istiqamətlərini müəyyən edən və ölkəmizin neft tarixində yeni səhifə açan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. O vaxtdan etibarən bu sərgi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü, əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı platformaya çevrilib. Ötən dövrdə sərgilərdə dünyanın 70-dən çox ölkəsini təmsil edən təxminən 7500 şirkət iştirak edib. Hər il sərginin açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsi bu beynəlxalq tədbirin yüksək statusunu bir daha təsdiq edir.
Builki sərgidə 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir. Belarus, İtaliya və Rusiya tədbirdə milli qruplarla təmsil olunurlar.
Azərbaycanın enerji siyasətinin genişlənməsində indiyə qədər keçirilən neft-qaz sərgilərinin nə kimi rolu olub?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, belə sərgilərin keçirilməsi Azərbaycanın yürütdüyü enerji siyasətinin genişlənməsinə böyük töhfə verir. Ekspert deyir ki, indiyədək keçirilmiş 25 neft-qaz sərgisinin 24-də iştirak edib: “Sərgi şirkətlərin məhsullarının və eksponatlarının nümayiş olunduğu bir məkandır. Xaricdə 125 ildir ənənəvi avtomobil sərgiləri keçirilir, bir il az, o biri il çox, digər il daha az şirkət gəlir. Ancaq sərginin əhəmiyyəti bununla ölçülmür. Əsas meyarı bir müstəvidir ki, orada həmin sahənin adamları toplaşırlar. O sərgi əhəmiyyətli sayılır ki, orada yeniliklər haqda məlumatlar verilir və ya şirkətlər bazara öz yeni mallarını təklif edirlər. İstər Kaliforniyada olsun, istər Afrikada - məzmun eynidir. Xəzəryanı ölkələrin hamısında illik ənənəvi neft-qaz sərgi-konfransları keçirilir. Azərbaycanda keçirilən sərgi xüsusilə maraqlı olur, əsasən də konfrans hissəsi. Çünki Xəzərin istər neft, istərsə də qaz yataqlarının istər sovet dövründə, istərsə də müasir dövrdə işlənməsi məhz Azərbaycanla bağlıdır. Buraya ən çox investisiya qoyulur, burada ən mürəkkəb texnologiyalar tətbiq edilir, burada ən unikal tikinti-mühəndis layihələrinin icrasına rast gəlmək olar. Bu isə hamını cəlb edir. Mən fikir vermişəm, Rusiya kimi neft-qaz ölkəsinin şirkətləri necə maraqla bizim sərgilərdə iştirak edirlər. Çünki Azərbaycanda olan bir sıra yeniliklər onlarda hələ tətbiq edilməyib. Necə deyərlər, gör-götür dünyasıdır”.
Məhəmmədəli QƏRİBLİ