Birləşmiş Ştatların Dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Sandra Oudkirk 29 may tarixində Azərbaycanın “Şahdəniz II” təbii qaz yatağından “ilk qaz”-ın 40 milyard dollar dəyəri olan “Cənub Qaz Dəhlizi” layihəsinə çatdırılması mərasimində və 25-ci Xəzər Neft və Qaz Sərgisinin (COGS) açılışında iştirak edib.
ABŞ-ın Azərbaycandakı Səfirliyindən “Bakı-Xəbər”ə verilən məlumata görə, xanım Oudkirk Türkiyə və Avropanın qaz təminatıni şaxələndirərək, onların enerji təhlükəsizliyinə təkan verən və həmçinin Avropa və dünya enerji bazarlarına inteqrasiyasi sayəsində Xəzər bölgəsi dövlətlərinə faydalanma imkanı yaradan mötəbər məqsədin əldə olunması münasibatilə iştirakçı ölkələri və şirkətləri təbrik edib. Dövlət katibi köməkçisinin müavini Oudkirk Birləşmiş Ştatlar hökumətinin “Cənub Qaz Dəhlizi”nin uzunmüddətli uğuruna dair öhdəliyini yenidən vurğulayıb və ümid etdiyini bildirib ki, bölgənin digər dövlətləri də Avropanın qaz təchizatının diversifikasiyasına töhfə verərək Avropa ilə ticarət əlaqələrindən faydalanacaq.
Mərasimdə çıxışında Dövlət katibi köməkçisinin müavini Oudkirk Prezident Trampın Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik ildönümünə həsr olunmuş təbrik məktubuna istinaq edib. Prezident Tramp qeyd edib ki, ABŞ-ın enerji məsələləri üzrə Azərbaycanla onilllərdir etdiyi əməkdaşlıq Avropada enerji təhlükəsizliyini artırmaq üçün “Cənub Qaz Dəhlizi” ilə ilk qazın çatdırılması qazanılmış böyük nailiyyətlər sayəsində ən yüksək nöqtəyə çatıb.
Birləşmiş Ştatlarin müxtəlif administrasiyaları “Cənub Qaz Dəhlizi”nə həm Avropanın enerji təhlükəsizliyinə verdiyi önəmli töhfəyə, həm də Xəzər bölgəsi, Aralıq dənizi və İraqdan olan enerji təchizatçıları üçün imkanlar yaratmasına görə güclü dəstək verib.
Bakıya səfəri zamanı xanım Oudkirk Prezident Əliyevlə və enerji şirkətləri ilə görüşlər keçirərək Azərbaycanın və bölgənin enerji təhlükəsizliyinə dair müzakirələr aparıb. O, həmçinin, regionda fəaliyyət göstərən enerji sahəsi üzrə peşəkarlar və şirkətlər üçün ABŞ-Birləşmiq Krallıq Səfirlikləri tərəfindən təşkil olunan ziyafətdə iştirak edib.