“Cənub Qaz Dəhlizi” QSC 2020-ci ilədək daha 1,6 milyard dollar cəlb etməyi planlaşdırır. Bunu 25-ci Beynəlxalq "Xəzər Neft və Qaz" konfransı zamanı QSC-nin baş direktoru Əfqan İsayev deyib.
Onun sözlərinə görə, bu vəsait mövcud borclarla bağlı xərcləri nəzərdə tutmur: “Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsindəki payının maliyyələşdirilməsi üçün cəlb olunmuş vəsaitdən əlavə 2020-ci ilədək daha 1,6 milyard dollar tələb olunur”.
Ə.İsayev əlavə edib ki, hazırda layihənin kreditləşməsi üçün bir sıra maliyyə təşkilatları ilə danışıqlar davam etdirilir: “TANAP üçün 15 il müddətinə 750 milyon dollar kreditin ayrılması ilə bağlı İnvestisiya Təminatları üzrə Agentliklə aparılan danışıqların yekununda dörd bankdan ibarət klub formalaşdırılıb. Almaniya Federal məclisinin büdcə komitəsi TANAP və “Şahdəniz-2” layihələri üçün 15 il müddətinə 1,5 milyard dollar həcmində kredit təminatına razılıq verib”.
“Hazırda "Cənub Qaz Dəhlizi" layihəsinin dəyəri 40 milyard dollardan çox qiymətləndirilir”- deyən Ə.İsayev bildirib ki, maliyyələşdirmənin bu həcmindən 11,5 milyard dollar Azərbaycanın payına düşür. Bu məbləğdən artıq 9 milyard dollar ayrılıb.
O qeyd edib ki, "Şahdəniz-2" layihəsinin dəyəri 22,7 milyard dollar təşkil edir: "Bu gün bu məbləğdən 17,7 milyard dolları maliyyələşdirilib. Layihə üzrə işlərin 99 faizi başa çatıb. Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinin dəyəri 4,6 milyard dollar təşkil edir, bunun 4,3 milyard dolları ayrılıb. Layihə üzrə işlər ümumilikdə 97,3 faiz icra olunub".
Transanadolu qaz kəmərinə gəldikdə, Ə.İsayev layihənin 8 milyard dollar (ilkin olaraq 9,5 milyard dollarla müqayisədə) dəyərində qiymətləndirildiyini deyib: "Hazırda 5,4 milyard dollar mənimsənilib, layihə üzrə işlər 94 faiz başa çatıb. Transadriatik boru kəmərinin dəyəri isə 4,5 milyard dollar avrodur, bunun 2,9 milyard avrosu ayrılıb. İrəliləyiş 72,9 faiz səviyyəsində qiymətləndirilir".
QSC sədri bildirib ki, 2018-ci il iyulun 1-dən Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanacaq.