Qadir Bayramlı: “Hesab edirəm ki, bundan sonra fermerlərin kredit alması daha da asanlaşacaq”
Kənd Təsərrüfatı Nazirliyi fermer və kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlara güzəştli kreditlərin verilməsi qaydalarını sadələşdirib. Nazirlik bu sahədə şəffaflığı təmin etmək, kənd təsərrüfatı ilə məşğul olanların maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək məqsədilə bir sıra bank və bank olmayan kredit təşkilatları ilə niyyət protokolu imzalayıb.
Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, cari ilin sonuna qədər kənd təsərrüfatı sahəsinə ilkin mərhələdə 10 milyon manat məbləğində kreditin ayrılması gözlənir. Veriləcək kreditlərdə maksimum faiz dərəcəsi 7 faiz səviyyəsində müəyyən olunub. Kreditlərin minimum məbləği 1000, maksimum isə 200 min manat olacaq.
O da məlum olub ki, bu vaxtadək fermerlərə kənd təsərrüfatı təyinatlı kredit götürmək üçün paytaxtda daşınmaz əmlaka sahib olması və onu girov qoyması tələb edilirdi. Artıq bu şərt aradan qaldırılır. Fermerlər elə yaşadıqları ünvanda əmlaklarını girov qoymaqla kredit ala biləcəklər. Ən başlıcası isə kredit almaq üçün tələb olunan sənədlərin sayı da azaldılıb. Hazırda müxtəlif dövlət qurumları ilə birgə yeni girov mexanizmlərinin hazırlanması üzərində iş gedir. Bunun üçün beynəlxalq təcrübə də öyrənilir. Fermerlərdən güzəştli kredit almaq üçün tələb olunan sənədlərin sayı azaldılaraq təxminən 5-ə endirilib. Əvvələr isə bu sənədlərin sayı 15 idi. Yeni kredit tranşının Sahibkarlığa Kömək Milli Fondunun verdiyi kreditdən fərqi isə bu vəsaitin yalnız aqrar sahədə, yəni kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan şəxslər üçün nəzərdə tutulmasıdır. Kreditlərin təyinatı üzrə xərclənməsinə isə monitorinqlər vasitəsilə nəzarət ediləcək.
Ümumilikdə, fermerlərə kredit almaq üçün tələb olunan sənədlərin sayının 15-dən 5-ə endirilməsinə ekspertlər necə yanaşırlar?
Məsələyə münasibət bildirən Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlının sözlərinə görə, kredit məsələsi kənd təsərrüfatında ən əhəmiyyətli məsələlərdən biridir: “Çünki bəzən fermerlərin əlində məhsuldar torpaqlar olur, amma onların maddi imkanları torpağı lazım olan səviyyədə becərməyə imkan vermir. Ona görə də onların sərfəli kredit resursları ilə təmin olunmasına ehtiyac var. Fermerlərin kreditdən səmərəli istifadəsi üçün birincisi, onların buna olan real ehtiyacını ödəmək lazımdır. İkincisi, fermerlərin girov qoyduqları əmlakın dəyərləndirilməsi obyektiv şəkildə olmalıdır. Hər ikisi diqqətə alınarsa, hesab edirəm ki, bunun müsbət səmərəsi olacaq. Ümumilikdə, fermerlərə kreditlərin verilməsinin sadələşdirilməsi müsbət haldır. Hesab edirəm ki, bu, qismən də olsa, fermerlərin fəaliyyətində dönüş yaradacaq. Əvvəllər fermerlərə kredit verilməsində bir sıra maneələr var idi. Bununla bağlı çoxsaylı sənəd tələb olunurdu. Artıq həmin maneələr yarıbayarı azaldılıb. Hesab edirəm ki, bundan sonra fermerlərin kredit alması daha da asanlaşacaq. Bu da onların fəaliyyətini daha da təşviq edəcək və fermerlər bunu dəyərləndirə biləcəklər. Sənədlərin sayının 5-ə endirilməsi ilə yanaşı, əsas məsələ sənədlərin nə dərəcədə yüngülləşdirilməsidir. Kreditlərin verilməsi şəffaf şəkildə həyata keçiriləcəksə, işlərin gedişatı və əldə edilən müvəffəqiyyət kənd təsərrüfatı sahəsində özünü göstərəcək. Bu həm kreditlərin miqdarına, həm faizinə, həm də müddətinə bağlı olacaq. Kreditlər uzun müddətə və daha az faizlə verilərsə, bunun effekti daha böyük olacaq. Ümumilikdə, bütün bunları uğurlu başlanğıc kimi dəyərləndirmək olar”.
Vidadi ORDAHALLI