Fikrət Yusifov: “Valyuta ehtiyatlarının artması Azərbaycanda böyük iqtisadi dəyişikliklər nəticəsində baş verməkdədir”
İqtisadi sektordakı müsbət proseslər özünü xarici valyuta ehtiyatlarının dinamikasında da büruzə verib. Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-mart ayları üzrə pul siyasəti icmalında qeyd olunur ki, ölkənin tədiyyə balansının yaxşılaşması şəraitində 2018-ci ilin I rübündə strateji valyuta ehtiyatları 5 faiz artıb. AMB-dən bildirilir ki, valyuta ehtiyatları 31 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 3 dəfə üstələyib.
Azərbaycanın valyuta ehtiyatlarının xarici dövlət borcunu 3 dəfə üstələməsinə münasibət bildirən Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ki, bu, sevindirici haldır: “Hətta ölkə başçısı İlham Əliyev də keçirilən son müşavirələrdə bir neçə dəfə Azərbaycanın valyuta ehtiyatlarının xarici borcu keçməsi barədə fikir səsləndirib. Azərbaycanın valyuta ehtiyatları 44 milyard həddi keçib. Xarici dövlət borcumuz isə valyuta ehtiyatlarından təxminən 3 dəfəyə yaxın azdır”.
Həmsöhbətimizin sözlərinə görə, valyuta ehtiyatlarının artması Azərbaycanda böyük iqtisadi dəyişikliklər nəticəsində baş verməkdədir. Azərbaycanın valyuta ehtiyatlarının xarici borcdan üstün olması ölkənin maliyyə durumundan xəbər verir. Bu hal beynəlxalq aləmə də Azərbaycanda maliyyə sabitliyinin yaşandığını nümayiş etdirir: “Danılmaz faktdır ki, aparılan düzgün siyasət nəticəsində Azərbaycanın iqtisadi vəziyyəti və maliyyə durumu kifayət qədər yüksəkdir. Hətta xarici borcun valyuta ehtiyatlarından az olması ölkənin iqtisadi qüdrətindən xəbər verir. Belə olan halda, istənilən investor və ya kreditor Azərbaycanla danışığa getməyə hazırdır. Çünki Azərbaycanın buna cavab verməyə təminatı var”.
Günel CƏLİLOVA