Vüqar Bayramov: “Avropa sərmayədarları üçün ölkəmizdə yeni investisiya imkanlarının tapılması baxımından əhəmiyyətlidir”
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq çərçivəsində Aİ-Azərbaycan biznes forumunun keçirilməsi ənənə halını alıb. İndiyədək artıq 3 belə forum baş tutub. Bakı növbəti Avropa İttifaqı-Azərbaycan biznes forumuna hazırlaşır.
Qeyd edək ki, 4-cü forum iyunun 5-də keçiriləcək. Keçirilməsi gözlənilən forumda Avropa ilə Azərbaycan şirkət nümayəndələri və rəsmiləri ölkədə həyata keçirilən son iqtisadi islahatlar və bir sıra mühüm sənaye sahələrindəki inkişaf ilə bağlı müzakirələr aparacaqlar. Biznes forumda Azərbaycanın iqtisadi islahatları ilə bağlı yeni perspektivləri təqdim ediləcək və biznes liderləri, investorlar, hökumət nümayəndələri və siyasət formalaşdıran digər şəxslərdən ibarət təxminən 500 nəfər yüksək səviyyəli nümayəndə bir araya gələcək. İştirakçıları mövcud biznes imkanları və çətinliklər barədə dialoqa cəlb etmək məqsədilə mühüm sektorlardan olan kənd təsərrüfatı və qida, tikinti və maşınqayırma, nəqliyyat və logistika, İKT və elektron ticarət sahələri ilə bağlı panel müzakirələri təşkil olunacaq. Son illərdə Azərbaycan hökuməti iqtisadi islahatların həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib. Biznes forum bu nailiyyətlərə və hələ də mövcud olan çətinliklərə nəzər yetirilməsi, Aİ və Azərbaycandan olan bütün maraqlı tərəflərin fikir və təcrübələrinin paylaşılması və yeni biznes əlaqələrinin yaradılması üçün unikal imkanlar təqdim edir.
Ümumilikdə, keçiriləcək biznes forumun Azərbaycan üçün əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, Aİ-Azərbaycan biznes forumu qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir: “Azərbaycanın ticarət dövriyyəsinin 40 faizi Aİ-nin payına düşür. Azərbaycanın ixracatında Aİ-nin payı yüksək olaraq qalmaqdadır. O baxımdan, təbii ki, Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsinin genişlənməsi və xüsusən qeyri-neft sektorunda əməkdaşlığın güclənməsi prioritet məsələlərdən biridir. Biznes forumun keçirilməsində məqsəd ondan ibarətdir ki, məhz iki tərəf arasında neftdən kənar sektorlarda çalışan iş adamları ilə münasibətlərin qurulmasına və daha işgüzar əlaqələrin yaradılmasına nail olmaq mümkün olsun. Bu baxımdan biznes forum Azərbaycanla Aİ arasında qeyri-neft sektoru sahəsində əməkdaşlığın gücləndirilməsi üçün vacibdir. Sözügedən biznes forumun keçirilməsi Azərbaycan iş adamlarına Avropa ilə əlaqələrin genişləndirilməsində töhfə verəcək. Eləcə də Avropa investorları üçün Azərbaycanda yeni investisiya imkanlarının tapılması baxımından əhəmiyyətlidir. Bu da, bütövlükdə, Azərbaycanın potensialının daha yaxından təqdim edilməsi və tanıdılması baxımından vacib əhəmiyyət kəsb edir. O baxımdan biznes forumun keçirilməsi, nəticə etibarilə, Azərbaycanla Aİ arasındakı iqtisadi əməkdaşlığın daha da güclənməsinə müsbət təsir göstərəcək. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, belə tədbirlərin keçirilməsinə hər zaman ehtiyac var. Ölkə iqtisadiyyatının, xüsusən də qeyri-neft sektorunun daha sürətli və dinamik inkişafını təmin etmək üçün bu kimi tədbirlərə ehtiyac var”.
Vidadi ORDAHALLI