Pərviz Heydərov: “Problemli kredit məsələsi öz həllini tapmayana qədər bank kreditləşməsinin daha da azalması prosesi müşahidə olunacaq”
Son bir il ərzində Azərbaycan banklarının kreditləşməni 30 %-ə yaxın azaltdığı bildirilir. Azərbaycan bank sektorunun xalis kredit portfeli bu il martın 1-nə 9 677,3 mln. manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatda qeyd olunur ki, bu, ilin əvvəli ilə müqayisədə 1,9 % azdır.
Qeyd edək ki, son bir ildə isə banklar kreditləşməni 29,3 % azaldıb.
Bankların kreditləşməni nə səbəbdən azaltdığını öyrənmək məqsədilə İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərova müraciət etdik. O, "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bank kreditləşməsinin azalması bank sistemindəki mövcud vəziyyətlə bağlıdır: “Məlumdur ki, son 3 il ərzində ölkənin bank sektoru ağır dönəm yaşayır. Verilən kreditlər geri qaytarılmır. Problemli kreditlərin həcmi 2 milyard manat həcmindədir. O cümlədən, bankların əmanət cəlbi 2015-ci ildən sonra minimuma enib. Əhalinin böyük bir qrupu banklardan əmanətini geri götürdü, bu hal bankların kapital vəziyyətinə pis təsir göstərdi. Həmçinin, banklara yerləşdirilən vəsaitlərin həcminin az olması bank likvidliyinə mənfi təsir göstərdi”.
P.Heydərov bildirdi ki, bank pul məhsuludur. Bankın fəaliyyətinin qayəsi ona etibar olunan pulu yenidən dövriyyəyə buraxıb, ondan gəlir götürməkdir. Beləliklə, bank əldə etdiyi gəlirə uyğun olaraq, həm öz mənfəətini əldə edir, həm də götürdüyü borcun faizini ödəyir: “Hansısa bank sərbəst vəsaitləri cəlb etməkdə çətinlik çəkirsə və ya cəlb etdiyi vəsaiti dövriyyəyə buraxıb müvafiq şəkildə gəlir əldə edə bilmirsə, onda həmin bankın vəziyyəti iflic sayılır. Dünya bazarında neftin satış qiyməti düşənə qədər bankların əsas gəliri istehlak kreditlərindən idi. Gəliri bunun üzərində qururdular. Neftin satış qiyməti düşəndən sonra bankların problemi ortaya çıxdı”.
Həmsöhbətimizin sözlərinə görə, problemli kredit məsələsi öz həllini tapmayana qədər bank kreditləşməsinin daha da azalması prosesi müşahidə olunacaq. Bu təbii prosesdir: “Yaranmış vəziyyətin qarşısını almaq üçün 2014-cü ilə qədər istehlak kreditləri üzrə qoyulan bir sıra məhdudiyyətlər tezliklə ortadan qaldırılmalıdır. Banklar yenidən istehlak kreditləri hesabına cüzi də olsa dirçələ bilər”.
Günel CƏLİLOVA