Qadir Bayramlı: “… həm kənd təsərrüfatına yeni torpaq qazandırır, həm də torpağın keyfiyyətinin yüksəlməsinə səbəb olur”
Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Respublikada kənd təsərrüfatının hərtərəfli inkişafı üçün əlverişli torpaq-iqlim şəraiti var. Ölkənin ümumi ərazisinin təxminən yarısı, yəni 4,53 milyon hektarı kənd təsərrüfatına yararlı torpaqlardır.
Məlumatlara görə, suvarmaya yararlı 3,2 milyon hektar torpaq sahəsinin 1 milyon 435 min hektarı suvarılan sahədir. Bu torpaqların 610 min hektarı kollektor-drenaj şəbəkəsi ilə təchiz edilib. Məlumdur ki, respublikada becərilən kənd təsərrüfatı məhsulunun 90 faizə qədəri suvarılan torpaqlardan götürülür.
Bəllidir ki, son illər Azərbaycanda meliorasiya sahəsində bir sıra işlər görülüb və görülməkdə davam edir. Yeni su xətlərinin çəkilməsi, suvarma kanallarının və süni göllərinin yaradılması, su təsərrüfatının inkişafı istiqamətində müəyyən işlər görülür.
Son illər meliorasiya sahəsində həyata keçirilən tədbirlər ölkənin qeyri-neft sektorunun inkişafına necə təsir göstərir? Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, aqrar sektorun qarşısında həm məhsul istehsalı, həm də ixracatın artırılması kimi önəmli vəzifə qoyulub: “Bu vəzifələrin həyata keçirilməsi üçün keyfiyyətli torpaq tələb olunur. Torpaqların da keyfiyyətinin qorunması, həm də artırılması meliorativ tədbirlərdən asılıdır. Meliorativ tədbirlərə başlamazdan öncə torpaqların sistemli, eyni zamanda, elmi əsaslarla inventarizasiyası həyata keçirilməlidir.
Ölkəmizdə quraqlığa qarşı suvarma meliorasiyası tətbiq olunmalıdır. Əlverişli olmayan fiziki, kimyəvi xassələrə malik olan torpaqlarda isə duzsuzlaşdırma prosesi həyata keçirilir. Şorakətli torpaqların kimyəvi meliorasiyasının aparılması olduqca əhəmiyyətlidir. Azərbaycan torpaqlarının əksər hissəsi zəif və güclü dərəcədə erroziyaya uğrayıb. Küləyin və suyun təsiri ilə ortaya çıxan erroziya prosesi kənd təsərrüfatına mənfi təsir edən faktorlardan biridir. Buna qarşı mübarizə aparılmalıdır”.
Həmsöhbətimizin sözlərinə görə, ölkədə sistemli meliorasiya tədbirlərinin həyata keçirilməsi həm kənd təsərrüfatına yeni torpaq qazandırır, həm də torpağın keyfiyyətinin yüksəlməsinə səbəb olur: “Bütün bunlar kənd təsərrüfatı məhsullarının istehsalına, eyni zamanda ixracatın artmasına da təsir edə bilər”.
Günel CƏLİLOVA