Əli Əlirzayev: “... aidiyyəti qurumlar həmin sahibkarı müxtəlif formada cəzalandıra bilər”
Ölkənin bütün iaşə obyektlərində POS-terminal aparatı quraşdırılıb. Ancaq buna baxmayaraq, bəzi sahibkarlar POS-terminal işlətməkdən imtina edirlər.
Vergilər nazirinin müavini Sahib Ələkbərov bu günlərdə media nümayəndələrinə açıqlamasında kiçik otellərdə və mağazalarda POS-terminallardan az istifadə olunması məsələsinə də toxunub: “Hazırda Azərbaycanda böyük otellərin, ticarət və ictimai iaşə müəssisələrinin hamısında POS-terminallar var. Bəzi kiçik müəssisələr POS-terminal işlətməkdən imtina edirlər. Doğrudan da kiçik otellərdə, kiçik turist obyektlərində, mağazalarda bu və yaxud digər bəhanələri əsas gətirərək deyirlər ki, POS-terminal yoxdur. Amma axtaranda piştaxtanın altında tapılır. Bu, işləməlidir. Görünür ki, qanunvericilik baxımından bu barədə düşünülməlidir. POS-terminaldan imtinaya görə müəyyən tələblər qoyulmalıdır".
Maraqlıdır, POS-terminaldan imtinaya görə qanunvericiliyə hansı əlavələr edilə bilər?
İqtisadçı-ekspert Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, gəliri olan müəssisələrin hər birində POS-terminaldan istifadə olunmalıdır: “Bəzi sahibkarlar gəlirini gizlətmək üçün POS-terminaldan istifadə etmir, nağd pula üstünlük verirlər. O sahibkarlar vergi verməkdən yayınmaq üçün aparatın işlək olmadığını müştəriyə bildirirlər. Ancaq bu düzgün deyil. Hər bir müəssisə POS-terminaldan istifadə etməlidir. Hansı obyektdə POS-terminaldan istifadə olunmursa, qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdır”.
İqtisadçının sözlərinə görə, hansısa obyektdə POS-terminal olduğu halda, onun olmadığı və ya yalandan işlək vəziyyətdə olmadığı bildirilərsə, aidiyyəti qurumlar həmin sahibkarı müxtəlif formada cəzalandıra bilər. Təbii ki, qanun çərçivəsində: “Sahibkar müəyyən məbləğdə cərimələnə və ya onun obyekti bağlana bilər”.
Həmsöhbətimiz bildirdi ki, gəlir əldə edən iaşə obyektləri POS-terminal aparatından istifadə etməlidir: “Dünyanın hər bir ölkəsində sahibkarlıqla məşğul olanlar qeyd olunan aparatdan istifadə edirlər. Əks halda, o obyektin sahibi qanunvericiliyin tələbinə uyğun olaraq cəzalandırılacaq”.
Günel CƏLİLOVA