Pərviz Heydərov: “Sahibkarların əldə etdiyi gəlirin böyük bir qismi onların özlərinə qalır”
Kiçik və orta sahibkarlığın inkişafı istiqamətində aparılan işlər artıq inkişaf səviyyəsindədir. Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda sahibkarların sayı 900 mini ötüb. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Biznes inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır" konfransında çıxışı zamanı bildirib.
Ekspertlərin fikrincə, sahibkarlıqla məşğul olanların sayının artması gözləniləndir. Bu sahədə aparılan işlər, onlara tətbiq edilən güzəşt sahibkarlıqla məşğul olmaq istəyənlərin sayına təsir edir.
Məsələ ilə bağlı fikir bildirən İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov bizimlə söhbətində qeyd etdi ki, sahibkarlıqla məşğul olanların sayının artması sevindiricidir. Onun sözlərinə görə, sahibkarlıqla məşğul olanların sayının artmasının əsas səbəbi hökumətin apardığı uğurlu islahatlardır: “Bəllidir ki, 2016-cı ilin yanvar ayından etibarən hökumətin ölkə iqtisadiyyatı ilə bağlı apardığı islahatların nəticəsi artıq öz bəhrəsini vermək üzrədir. Həmçinin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər üzrə kənar müdaxilələrin qarşısının alınması, yoxlamaların dayandırılması vaxtının müvəqqəti uzadılması fərdi sahibkarlığa marağı artırıb. Görülən işlər sahibkarların öz işinə inamını artırıb. Nəticədə sahibkarların əldə etdiyi gəlirin böyük bir qismi onların özlərinə qalır”.
Həmsöhbətimizin sözlərinə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda maraqlı olan şəxslərin bu sahədə ilk addımlar atmasına dövlət tərəfindən dəstək göstərildi. Bu addım sahibkarlıqla məşğul olmaq istəyənlərin marağına səbəb oldu.
P.Heydərov onu da əlavə etdi ki, 2016-cı ildə neftin qiyməti düşəndən sonra qeyri-neft sektorunun inkişafını təmin etmək məqsədilə ölkədə sahibkarlıq şəraitinin yaxşılaşdırılması istiqamətində lazımi işlər görüldü. Görülən işlər artıq öz müsbət bəhrəsini verir: “Aparılan ardıcıl işlər sahibkarların sayının artmasına təsir göstərir. Hesab edirəm ki, sahibkarlıqla məşğul olanların sayı qarşıdakı illərdə daha da artacaq. Onu da nəzərə almaq lazımdır ki, ölkənin ixrac potensialını artırmaq, qeyri-neft sektorunun inkişafını yüksək səviyyədə təmin etmək məqsədilə görülən tədbirlər davam edir. Hətta bu yaxınlarda Prezident xarici investisiyaların ölkəyə axınını təmin etmək üçün qanunvericilik və digər sahələrdə təkmilləşdirmə işinin aparılması ilə bağlı müvafiq sərəncam imzalayıb. Bu sərəncam həm də daxildə sahibkarlıq mühitinin yaxşılaşdırılmasını tələb etdiyi üçün, yaxın illər ərzində daha çox inkişaf hiss olunacaq”.
Günel CƏLİLOVA