Könül Nuriyeva: “Azərbaycandan da xaricə yatırılan investisiyaların həcmi artır”
Məlumatlara əsasən, ötən il Azərbaycanın xalis maliyyə aktivləri artıb. 2017-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın xalis maliyyə aktivləri 5,4 milyard dollar artıb. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (2 564,4 mln. dollar), portfel investisiyaları (-80,9 mln. dollar), törəmə maliyyə alətləri (-3,8 mln. dollar) və digər investisiyalar (2 939,7 mln. dollar) hesabına formalaşıb.
Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 5,2 mlrd. dollar təşkil edib ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (2 866,1 mln. dollar), neft bonusu (1,4 mln. dollar), portfel investisiyaları (2 588,0 mln. dollar və digər investisiyalar (-237,5 mln. dollar) hesabına formalaşıb.
Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 5,7 mlrd. dollar olub. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 86% təşkil edib. 2017-ci ilin yanvar-dekabr aylarında tədiyyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (2 080,3 mln. dollar) artımı cəlb olunmuş investisiya ilə (4 900.8 mln. dollar) kapitalın repatriasiyası (2 820,5 mln. dollar) arasındakı fərqdən formalaşır.
Ötən il Azərbaycanın xalis maliyyə aktivlərinin investisiyalar hesabına artması barədə fikir bildirən iqtisadçı-ekspert Könül Nuriyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin bir qolu da Azərbaycana xarici investisiyaların cəlb olunması ilə bağlıdır: “Hətta ölkə başçısı İlham Əliyev 2016-cı ildə bu barədə sərəncam imzalayıb. Bu məsələ “Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb. Əsas məqsəd xarici investorların ölkəyə cəlb olunması, ölkədə biznes mühitinin formalaşması və xarici investorların hüquqlarının yüksək şəkildə təmin olunmasıdır. Hətta qanunvericiliyə bu barədə ciddi dəyişikliklər də olundu”.
Həmsöhbətimizin sözlərinə görə, qarşıya qoyulan əsas məqsədlərdən biri 2025-ci ilə qədər ölkədə xarici investorların sayının artmasıdır: “Milli iqtisadiyyatın perspektivlərinə dair Strateji Yol Xəritəsi” bu gün öz nəticəsini Azərbaycanın xalis maliyyə aktivlərinin artması kimi göstərir. Məlumat üçün bildirim ki, hazırda 5,8 milyard dollara yaxın xarici investisiya hesabına maliyyə aktivlərimiz artıb. Bunun da əsas hissəsini neft sektoru təşkil edir. Eyni zamanda, xaricdən cəlb olunmuş birbaşa investisiyaların sayının artması statistikaya öz təsirini göstərir. Onu da demək lazımdır ki, Azərbaycandan da xaricə yatırılan investisiyaların həcmi artır. Bu hal da xalis maliyyə aktivlərinin artmasına təsir göstərir.”
Günel CƏLİLOVA