Fikrət Yusifov: “…“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsindən sonra… ”
“Ticarət əlaqələrinin indiki səviyyəsi bizim əlaqələrimizin səviyyəsini əks etdirmir. Ona görə də bu biznes forumda iştirak edən iş adamlarına tövsiyəm budur ki, daha da sıx əməkdaşlıq etsinlər”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumunda bildirib.
O qeyd edib ki, ticarət dövriyyəsinin artırılması üçün praktiki addımlar atılmalıdır: “Ümid edirəm ki, gələcək illərdə bizim qarşılıqlı ixracımız da artacaq. Buna nail olmaq üçün imkanlar var. Əlbəttə, qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə də böyük diqqət göstərilir. Bu gün bu kiçik təqdimatda qarşılıqlı sərmayə qoyuluşunu əks etdirən iki önəmli layihə göstərildi - Neftçalada “İran Khodro” və Azərbaycan şirkətinin birgə müəssisəsi və İranda Azərbaycan sərmayəsi ilə yaradılan yük terminalı. Qarşılıqlı sərmayələrin qoyuluşu üçün, əlbəttə ki, ilk növbədə, gözəl münasibətlər və qarşılıqlı maraqlar olmalıdır. Bunlar var və gündən-günə möhkəmlənir. Biz bu iki layihənin timsalında görürük ki, burada qarşılıqlı maraqlar tam təmin olunur”.
Qonşu İranla ticarət dövriyyəsinin artırılması üçün iş adamlarının bu məsələdə maraqlı olmasına münasibət bildirən "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İran İslam Respublikası ilə Azərbaycan arasında bütün sahələrdə qarşılıqlı əməkdaşlıq mövcuddur: “Lakin nədənsə son illər ərzində iki ölkə arasındakı ticarət əlaqələrində bir azalma müşahidə olunur. Məsələn, 2007-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 540 milyon dollara yaxın olsa da, 2016-cı ildə bu rəqəm 211 milyon dollara qədər azalıb. Ölkə başçısı İlham Əliyev heç şübhəsiz ki, bunu nəzərə alaraq Azərbaycan-İran biznes forumunda hər iki ölkənin iş adamlarına müraciət edib və çox haqlı olaraq bildirib ki, iki ölkənin ticarət əlaqələrinin səviyyəsi bu ölkələr arasındakı əlaqələrin indiki səviyyəsini əks etdirmir”.
Həmsöhbətimiz hesab edir ki, İran üzərindən Qərbin iqtisadi sanksiyaları götürüldükcə, bizimlə olan ticarət əlaqələri daha da genişlənə biləcək. Bu əlaqələrin yeni, daha səmərəli mərhələsi isə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsindən sonra başlayacaq.
Günel CƏLİLOVA