Nüsrət İbrahimli: “Əhalinin həssas təbəqəsinə aid olan ailələrin mənzillə təmin olunması üçün ayrıca sosial evlərin tikilməsi təqdirəlayiqdir”
Artıq sosial mənzillərə qeydiyyat başa çatıb. Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş Qaydaya əsasən, sosial mənzillərdən şəhid ailəsinin üzvü, Milli Qəhrəman, məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs, yəni fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi, beynəlxalq miqyaslı yarışların mükafatçısı olan Azərbaycan vətəndaşları faydalana biləcək.
Sosial mənzil almaq istəyən vətəndaşlar Elektron Hökumət portalı ilə müraciət ediblər. Məlumat üçün bildirək ki, sosial mənzil üçün müraciət edənlərin qeydiyyat prosesi başa çatıb. Bakıda güzəştli mənzilin alınması üçün 6,5 minə yaxın şəxs qeydiyyatdan keçib.
Bu statistikanı Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev media nümayəndələrinə açıqlamasında deyib. Onun sözlərinə görə, mənzillərin satışı “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilir: “Güzəştli mənzil almaq hüququna malik vətəndaşlar bu sistem vasitəsilə qeydiyyatdan keçir. Bu günədək 6,5 minə yaxın şəxs qeydiyyata alınıb. Növbəti mərhələ ilk mənzillərin satışından sonra başlayacaq. Bu proses başlayandan sonra qeydiyyatdan keçmiş hər bir kəs müvafiq mənzil və ödəniş forması seçmək imkanına malik olacaq. Hələ ki, satışın nə vaxt başlayacağı haqqında dəqiq söz demək çətindir, amma düşünürəm ki, ilin sonuna kimi mənzillərin satışına başlaya biləcəyik”.
Növbəti mərhələdə mənzil sahibi olmaq üçün qeydiyyatdan keçənlərin sayının daha da artıq olacağı ehtimal olunur. Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ilkin proses üçün 6500 nəfərin qeydiyyatdan keçməsi gözlənilən idi. Gələcəkdə bu sayın artacağı gözlənir: “Məlumat üçün bildirim ki, növbəti belə layihə Hövsan qəsəbəsində həyata keçiriləcək. Həmin qəsəbədə inşa olunacaq sosial binadan ev almaq üçün müraciət edənlərin sayı 6500-dən artıq olacaq. Hətta bu rəqəmin daha da yüksək olacağı gözlənir. Paytaxtın digər ərazilərində də sosial binaların inşa olunması nəzərdə tutulur”.
Həmsöhbətimizin sözlərinə görə, sosial evlərin sayının artırılmasının əhəmiyyəti ondan ibarətdir ki, bu evlərin tikintisi ilk növbədə aztəminatlı ailələrin evlə təmin olunmasına imkan verəcək: "Bu evlərin sayının artırılması həm də məcburi köçkünlərin sosial durumuna müsbət təsir edəcək. Elə ailələr var ki, onlar yaşayış üçün uyğun olmayan binalarda yaşayırlar. Həmin mənzillərdə onların həyatı risq altındadır. Əhalinin həssas təbəqəsinə aid olan ailələrin mənzillə təmin olunması üçün ayrıca sosial evlərin tikilməsi təqdirəlayiqdir".
Günel CƏLİLOVA