Samir Əliyev: “Manatın hazırkı məzənnəsi iki il öncəki məzənnədən iki dəfə ucuzdur, bu isə turistlərin alıcılıq qabiliyyətini ən azı iki dəfə artırır”
Bakı növbəti Şopinq Festivalına evsahibliyi edir. Oktyabrın 15-dən noyabrın 15-nə qədər davam edəcək müddətdə paytaxt şopinq sevənlərin ixtiyarında olacaq. Artıq bir sıra dünya ölkələrindən alış-veriş üçün paytaxtımıza gələnlər yetərincədir. İkinci Şopinq Festivalının ölkəmizə daha çox turist gətirəcəyi proqnozlaşdırılır.
Bu fikri tək yerli mütəxəssislər deyil, xaricilər də dilə gətirir. Bakı Şopinq Festivalının rəsmi saytına (www.bakushopfest.com) müsahibə verən beynəlxalq media təlimçisi və məsləhətçi Dan Mason açıqlamasında bildirib ki, Azərbaycanın milli valyutası olan manatın hazırkı məzənnəsi ölkədə əcnəbilər üçün yaxşı şərait yaradır: “Əvvəlki illərdən fərqli olaraq, Azərbaycana səyahət vizası əldə etmək indi daha asandır. Bakı istirahət etmək üçün möhtəşəm şəhərdir. Şəhər həm də təhlükəsizdir. Bu isə çox mühümdür. Bakı Şopinq Festivalı getdikcə böyüyür, festival çərçivəsində həvəsləndirici tədbirlər, o cümlədən “Tax Free” kampaniyası keçirilir. Festival doğru istiqamətdə yol alıb”.
D.Mason qeyd edib ki, bu möhtəşəm tədbiri mətbuat və sosial media kanalları vasitəsilə dünyaya çatdırmaq lazımdır: “Festival çərçivəsində Azərbaycanı hərtərəfli dünyaya tanıtmaq vacibdir. Pərakəndə satış iqtisadiyyata təkan verən mühüm faktordur. Ölkəyə xaricdən nə qədər çox nağd pul vəsaiti daxil olarsa, pərakəndə satışla məşğul olan sahibkarlar üçün də bir o qədər stimul və şərait yaranar. İstərdim ki, festivalda yalnız mağazalar deyil, Azərbaycana xas bütün ən yaxşı xüsusiyyətlər nümayiş olunsun”.
D.Mason əlavə edib ki, Şopinq Festivalının keçirilməsi üçün Bakı uğurlu seçimdir: “Mən Dubay, o cümlədən dünyanın bir çox yerlərində keçirilən şopinq festivallarında iştirak etmişəm. Şübhəsiz, belə festivallar keçirildiyi şəhərdə hər zaman əks-səda yaradır. Səyahət etmək getdikcə asanlaşır, buna görə də dinamik şəhərlər turist cəlb etmək üçün yalnız bir səbəblə kifayətlənmək istəmirlər. Bu baxımdan şopinq festivalları ölkəyə beynəlxalq səyahət bazarının daha çox inkişaf etmiş seqmentlərini cəlb etmək üçün ən mükəmməl vasitədir. Bu həm də şəhərlər arasında rəqabətin artması deməkdir. Xəritədə Bakıya baxsaq, şəhərin həm şərq, həm də qərb ticarət yolunun kəsişməsində yerləşdiyini görə bilərik. Turistlərin cəlbi üçün Bakı mükəmməl coğrafi mövqeyə malikdir. Bütün bunlar Şopinq Festivalı üçün əsasdır”.
Manatın hazırkı məzənnəsinin Bakı Şopinq Festivalına təsiri yüksək qiymətləndirilir. Manatın məzənnəsi turistlər üçün sərfəlidir. Onlar vəziyyətdən istifadə edib alış-verişdən yetərincə yararlanırlar.
İqtisadçı-ekspert Samir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, milli valyutanın ucuzlaşması yerli əhaliyə çətinlik yaratsa da, xaricilərə şopinq üçün imkan yaradır: “Dollar 0.78 qəpik dəyərində olanda xaricilərin Azərbaycana gəlməsi olduqca çətin idi. Manatın hazırkı məzənnəsi iki il öncəki məzənnədən iki dəfə ucuzdur. Bu isə turistlərin alıcılıq qabiliyyətini ən azı iki dəfə artırıb”.
Həmsöhbətimizin sözlərinə görə, şopinq festivalları turistlərin marağına səbəb olur: “Alış-veriş həvəskarları festivalın harada keçirilməsindən asılı olmayaraq, ora yollanırlar. Tursit axını baxımından şopinq festivallarının keçirilməsi mühümdür. Yerli istehsal artarsa, Şopinq Festivalının əhəmiyyəti daha da artar. Belə olan halda, ölkəyə gələn gəlirin həcmi daha da artıq olar”.
İqtisadçı onu da bildirdi ki, milli valyutanın məzənnəsi aşağı düşəndə bu, turizmin inkişafına səbəb olar. Əsasən xarici turizmin inkişafına dəstək olur: “Manatın hazırkı məzənnəsi xarici turistlər üçün olduqca sərfəlidir”.
Günel CƏLİLOVA