Rəşad Həsənov: “Azərbaycan məhsullarının xarici bazarda reklamı təmin olunarsa, aqrar sektordan iqtisadiyyata daxil olan gəlirin həcmi artar”
Xarici KİV-də Azərbaycan meyvələri və meyvə şirələri ilə bağlı reklam çarxları yerləşdiriləcək. Bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.
Qeyd olunur ki, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə ümumilikdə 79 şirkətin iştirakı ilə 2017-ci il 23-26 yanvar tarixlərində Almaniyanın Berlin şəhərinə, 5-8 fevral tarixlərində Əfqanıstanın Kabil şəhərinə, 9-11 fevral tarixlərində Pakistanın İslamabad, Ravalpindi və Lahor şəhərlərinə, 25-28 fevral tarixlərində Qətərin Doha şəhərinə, 23-26 aprel tarixlərində Qazaxıstanın Almatı və Astana şəhərlərinə 5 ixrac missiyası həyata keçirilib.
Bundan başqa, hesabat dövrü ərzində Azərbaycan məhsullarının təbliği məqsədilə "Azərbaycan meyvələri" və "Azərbaycan meyvə şirələri" adlı reklam roliklərinin çəkilişlərinə başlanıb. Sözügedən videoçarxların cari ilin ikinci yarısında xarici kütləvi informasiya vasitələrində yerləşdirilməsi nəzərdə tutulub.
Onu da bildirək ki, 26 fevral – 2 mart tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş "Gulfood 2017" Beynəlxalq Ərzaq Sərgisində və 19-21 mart tarixlərində Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Prowein 2017" Beynəlxalq Şərab Sərgisində yerli şirkətlərin vahid ölkə stendi altında iştirakı təmin edilib, Bolqarıstanın "Avropa 2001" jurnalında "Made in Azerbaijan" reklamı yerləşdirilib.
Azərbaycan meyvələrinin və meyvə şirələrinin xarici KİV-də reklam olunması ölkə məhsullarının əcnəbi ölkələrdə tanıdılmasına səbəb olacaq .
Azərbaycan məhsullarının xarici KIV-də reklamı təşkil olunsa, bunun ölkə iqtisadiyyatına nə kimi təsiri olacaq? Ümumiyyətlə, Azərbaycan meyvə şirə məhsullarının xarici KİV-də reklamı ölkə iqtisadiyyatına nə qədər gəlir gətirə bilər?
Suallarımıza cavab tapmaq məqsədilə iqtisadçı-ekspert Rəşad Həsənova müraciət etdik. R.Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın yeyinti sənayesinin inkişaf edən sahələrindən biri də meyvə şirələrinin istehsalıdır: “Azərbaycanın daxili bazarına satılan məhsulların dünya bazarında rəqabət aparmaq imkanı, demək olar ki, yoxdur. Ancaq onu da vurğulamaq lazımdır ki, export məhsullar yüksək keyfiyyətli hazırlanır. Onu da nəzərə almaq lazımdır ki, ölkənin istehsal etdiyi yeyinti sənaye məhsullarının Rusiya və Yaxın Şərq bazarlarında satışı mümkündür. Azərbaycanda hazırlanan nar şirələri Avropa bazarlarında xüsusi üstünlüyə malikdir. Bu məhsula xarici bazarda tələbatın yüksək olmasını sahibkarlar da bilir. Sadəcə, prosedur qaydaları çətindir. Sənədləşmə məsələsi, məhsulun reklamının təmin olunması, sertifikatın alınması, standartların uyğunlaşdırılması problemi həll olunarsa, bunun ölkə iqtisadiyyatına müsbət təsiri olar. Həmçinin, meyvə şirələrinin istehsal keyfiyyəti artırılarsa, Azərbaycan məhsullarının xarici bazarda rəqabətli olmaq imkanı artar. Bununla da aqrar sektordan iqtisadiyyata daxil olan gəlirin həcmi artar”.
Həmsöhbətimiz onu da bildirdi ki, meyvə şirələrinin xarici bazarda satışından əldə olunan gəlirin həcmini indidən proqnozlaşdırmaq çətindir.
Günel CƏLİLOVA