Ruslan Atakişiyev: “Əhalinin gəlirinin artması səbəblərindən biri də ölkədə fəaliyyət göstərən özəl müəssisələrin işçilərinin əməkhaqqının artırılmasıdır”
Açıqlanan statistik rəqəmlərə əsasən, ölkə əhalisinin gəliri artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz artaraq 524,7 manat təşkil edib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-sentyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 8 faiz artaraq 36247,0 milyon manata çatıb.
Cari ilin yanvar-sentyabr aylarında əhalinin gəlirinin nəyin hesabına artmasını öyrənmək məqsədilə iqtisadçı-ekspert Ruslan Atakişiyevə müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əhalinin gəlirinin artması gözlənilən idi: “Əhalinin gəlirinin artmasının bir neçə səbəbi var. Onlardan biri son zamanlar Azərbaycan turizminin inkişaf etməsidir. Turizm sahəsinin müxtəlif sektorlar üzrə inkişafı əhalinin gəlirinə öz təsirini göstərib. Belə ki, paytaxt və bölgələrdə yaradılan şərait nəticəsində insanların turizm sahəsində işləməyə marağı artıb. Xüsusilə də xarici ölkələrdən gələn turistlər bu sahənin inkişaf etməsinə səbəb oldu”.
Həmsöhbətimiz onu da vurğuladı ki, əhalinin gəlirinin artması səbəblərindən biri də ölkədə fəaliyyət göstərən özəl müəssisələrin işçilərinin əməkhaqqının artırılmasıdır: “Bəllidir ki, bəzi özəl şirkətlərin maliyyə durumu imkan verir ki, onlar işçilərin əməkhaqqını artırsınlar. Belə olan halda, bəzi şirkətlər işçilərin əməkhaqqını qaldırıblar. Və nəticədə çoxlu sayda insanın aylıq gəliri artıb”.
İqtisadçı onu da vurğuladı ki, kiçik və orta sahibkarlığın inkişafı əhalinin gəlirinə öz təsirini göstərib: “Həmçinin, paytaxt daxil olmaqla, bir sıra bölgələrdə yeni iş yerlərinin açılması əhalinin gəlirinə təsir göstərib”.
Günel CƏLİLOVA