Azərbaycan ABŞ-da ticarət evi açmaq imkanlarını nəzərdən keçirir. Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
O qeyd edib ki, bu qərar gələcəkdə qəbul edilə bilər: "Hər şey Birləşmiş Ştatlarla əmtəə dövriyyəmizin həcmindən və dinamikasından asılıdır. Biz təhlil aparmağa davam edirik və əmtəə dövriyyəsinin uğurla genişləndiyi və müsbət dinamika nümayiş etdirdiyi ölkələrdə ticarət evlərinin yaradılması üzərində işləyəcəyik".
S.Babayev bildirib ki, hazırda Azərbaycana yaxın ölkələrdə ticarət evlərinin açılması prioritetdir: "Biz artıq Belarusda ticarət evi açmışıq. Yaxın günlərdə Ukraynada da ticarət evinin açılışı planlaşdırılır. Həmçinin biz artıq Çin, Rusiya, BƏƏ və Mərkəzi Avropada ticarət nümayəndələri təyin etdik. Bu istiqamətdə işlər davam etdiriləcək".
Bakıda Azərbaycan-ABŞ biznes forumunda çıxış edən S.Babayev deyib ki, ABŞ şirkətlərinin Azərbaycanda investisiya qoyuluşundan əldə etdiyi mənfəət 17 milyard dollar təşkil edib.
Onun sözlərinə görə, bu, Azərbaycanın investisiya cəlbediciliyini saxladığını göstərir: “ABŞ-ın Azərbaycan iqtisadiyyatına investisiyaları 12,7 milyard dollar təşkil edir, həmin vəsaitin bir milyard dolları qeyri-neft sektoruna qoyulub”.
O qeyd edib ki, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsində də artım qeydə alınıb: “Bu ilin ilk səkkiz ayı ərzində ABŞ-la ticarət dövriyyəsi 416 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur”.
Nazir müavini deyib ki, Azərbaycan və ABŞ arasında əmtəə dövriyyəsi 2017-ci ildə artım nümayiş etdirib. O qeyd edib ki, cari ilin 8 ayında ABŞ ilə əmtəə dövriyyəsi 416 milyon dollar təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisini 7 faiz üstələyir.
Nazir müavini bildirib ki, bu göstərici mümkün potensiala tam uyğun gəlmir.