Qulu İsmayılov: “Ümidvarıq ki, Soçi zirvəsində səslənən bu təkliflər ətrafında ciddi iş aparılacaq və nəticədə MDB ölkələri arasındakı ticarət dövriyyəsi daha da artacaq”
Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının sammitinin geniş tərkibli iclasında qurum ölkələri arasında olan ticarət dövriyyəsinin artmasından danışıb: “Bu ilin əvvəlindən MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi 25 faiz artıb”. O, Birlik ölkələri arasında ticarət dövriyyəsinin bu ilin əvvəlindən 75 mlrd. dollara çatdığını söyləyib: “Bu ilin əvvəlindən bizim ölkələrdə iqtisadi fəallığın bərpası müşahidə olunur”.
Rusiya prezidentinin fikrincə, MDB ölkələri arasında ticarət dövriyyəsinin gələcəkdə dayanıqlı inkişafını təmin etmək üçün azad ticarət rejiminin yaradılması, malların hərəkətinə mane olan amillərin aradan götürülməsi, gömrük prosedurlarının sadələşdirilməsi gərəkdir.
Rusiya prezidenti ölkələr arasında malların dövriyyəsinə mane olan amillərin aradan götürüləməsinin zərurliyini vurğulayıb. Qeyd edək ki, belə hallarla biz ölkə olaraq tez-tez rastlaşmışıq. Xüsusilə də Rusiya -Azərbaycan gömrük-keçid məntəqələrində həmin ölkənin gömrükçüləri dəfələrlə kənd təsərrüfatı məhsulları ilə dolu maşınların Rusiyaya keçməsinə mane olublar. Putinin məlum bəyanatından sonra gömrükdə yaradılan süni maneələr aradan qaldırılacaqmı?
İqtisadçı Qulu İsmayılov qəzetimizə açıqlamasında bildirdi ki, MDB ölkələri arasında ticarət dövriyyəsi doğrudan da artan dinamika üzrə inkişaf edir: “Biz rəqəmlərin dililə danışsaq, bunu görərik. Ən dolğun məlumatlar isə ölkə başçılarına təqdim olunur. Putin bunu 25 faizlə ifadə etdisə, demək ki, fakt dəqiqdir. Ancaq ən diqqqətçəkən məqam bu dövriyyəyə mane olan amillərin etiraf edilməsilə bağlıdır. Doğrudan da belə hallar mövcuddur. Biz ölkə olaraq belə halları daim müşahidə edirik. Məlumdur ki, Azərbaycandan daha çox kənd təsərrüfatı malları Rusiyaya ixrac edilir. Ancaq təəssüflər olsun ki, Rusiya gömkürçüləri bu istiqamətdə bizim sahibkarları incidir. Mövsumi meyvə və tərəvəzlərin Rusiyaya daşınması zamanı yaradılan süni əngəllər məhsulların zay olması ilə nəticələnir. Elə olur ki, Yalama keçid məntəqəsində meyvə daşıyan yük maşınları 10 günlərlə sərhəddə saxlanır. Ümidvarıq ki, Soçi zirvəsində səslənən bu təkliflər ətrafında ciddi iş aparılacaq və nəticədə MDB ölkələri arasındakı ticarət dövriyyəsi daha da artacaq”.
Məhəmmədəli QƏRİBLİ