Zakir Əhmədov: “Eyni zamanda, bu həm də işgüzar dairələr arasında əlaqələrin daha sıx qurulmasına xidmət edir”
Xəbər verildiyi kimi, Bakıda Azərbaycan və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (KƏŞ) üzv ölkələrinin biznes forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) verilən məlumata görə, biznes forumu oktyabrın 19-20-də İqtisadiyyat Nazirliyinin dəstəyi və “Azpromo”nun təşkilatçılığı ilə baş tutacaq.
Foruma Körfəz ərəb ölkələrinin iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərinin qatılacağı gözlənir.
O da məlumdur ki, Azərbaycanla ərəb ölkələri arasında əlaqələrin inkişafının özünün daha intensiv mərhələsinə qədəm qoyması getdikcə daha aydın şəkildə müşahidə olunur. Dünyada 22 ərəb ölkəsi var. İslam Əməkdaşlıq Təşkilatına üzv olan 57 müsəlman dövləti var. Bütövlükdə, dünyada 1,3 milyarda qədər müsəlman yaşayır. Belə olan təqdirdə, İslam dünyası ilə Azərbaycanın əlaqələri, heç şübhəsiz, böyük əhəmiyyətə malikdir. Nəzərə alınmalıdır ki, Azərbaycan İslam dünyasının bir hissəsidir. Bu nöqteyi-nəzərdən Körfəz ölkələri ilə əlaqələrin bütün sahələrdə, xüsusən də iqtisadi sahədə genişləndirilməsinə böyük ehtiyac var. Bu, Azərbaycanın maraqlarına uyğundur. Bu baxımdan, Bakıda keçiriləcək biznes forumun nə kimi iqtisadi əhəmiyyəti var?
Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədovun sözlərinə görə, bunun bir sıra iqtisadi əhəmiyyəti var: “Əsas əhəmiyyəti ondan ibarətdir ki, bu, ərəb ölkələrinin Azərbaycana sərmayə qoymasını genişləndirməyə müsbət təsir göstərəcək. Ərəb sərmayəsinin Azərbaycana cəlb olunması baxımından bu kimi tədbirlərin keçirilməsi yaxşı haldır. Nəzərə alsaq ki, Azərbaycanda sabitlik hökm sürür və iqtisadi göstəricilər sərmayə qoyuluşu üçün daha əlverişlidir, o zaman Körfəz ölkələri investisiya qoymaqda maraqlı olacaqlar. Bir sıra ərəb ölkələrinin maliyyə imkanları daha geniş olduğuna görə bundan maksimum faydalanmaq lazımdır. O cümlədən Azərbaycandan olan iş adamları ərəb ölkələrində biznes fəaliyyətini genişləndirə bilərlər. Bu da ölkəyə valyuta gəlirlərinin daxil olmasına öz müsbət təsirini göstərəcək. Yəni qarşılıqlı olaraq iqtisadi əlaqələrin genişləndirilməsi baxımından belə biznes forumların keçirilməsi müsbət əhəmiyyətə malikdir. Eyni zamanda, bu həm də işgüzar dairələr arasında əlaqələrin daha sıx qurulmasına xidmət edir”.
Vidadi ORDAHALLI