Aydın Hüseynov: “Bu isə aparılan düzgün iqtisadi siyasətin və islahatların nəticəsində ortaya çıxır”
2017-ci ilin yanvar-sentyabr ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 5 milyard 224 milyon 482,9 min manat məbləğində vəsait ödənilib. Bu, ötən ilin ilk 9 ayı ilə müqayisədə 298 297 900 manat, yaxud 6,06 faiz çoxdur. Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib. Sözügedən məlumata əsasən, Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1 faiz əməl olunub.
Azərbaycanda yeni iqtisadi inkişaf modelinin formalaşdığı bir vaxtda ölkənin sosial-iqtisadi inkişaf vəzifələrinin həyata keçirilməsində dövlət büdcəsinin rolu daha da artır. Ölkənin gəlirinin yenidən bölüşdürülməsi, iqtisadiyyatın tarazlı inkişafı, sosial funksiyaların, dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və digər ümumdövlət vəzifələrinin həyata keçirilməsi bilavasitə dövlət büdcəsi vasitəsilə təmin edilir. Ona görə də büdcənin gəlirləri və xərclərinin düzgün planlaşdırılması və məqsədəuyğun istifadə edilməsi ümumdövlət əhəmiyyətli vəzifə kimi qarşıda durur. Ölkənin sosial-iqtisadi inkişaf sürətini müəyyənləşdirən əsas amillərdən biri dövlət büdcəsinə vergi daxilolmalarının səviyyəsidir. Vergi daxilolmalarının səviyyəsi isə, öz növbəsində, mövcud vergitutma bazasından və həmçinin, vergi potensialından əhəmiyyətli dərəcədə asılıdır. Bundan başqa, vergi daxilolmalarının proqnozlaşdırılmasında da vergi potensialının düzgün müəyyənləşdirilməsi əhəmiyyətli rol oynayır.
Ötən ilin ilk 9 ayı ilə müqayisədə vergi daxilolmalarının 6,06 faiz artması ölkə iqtisadiyyatının inkişafından xəbər verir.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, vergi daxilolmaları artırsa, bu, ölkə iqtisadiyyatının inkişaf etməsinin göstəricisidir: “Müəssisələr işləyirsə, iqtisadi dinamika varsa, deməli, bu həm də vergi daxilolmalarının artması deməkdir. Məsələ ondadır ki, ölkədə yeni iş yerləri açılır, sahibkarlar fəaliyyət göstərir və dövlət büdcəsinə vergi ödəyirlər. Vergilərin bu tərzdə artması ölkə iqtisadiyyatının inkişaf etməsinin göstəricisidir. Eyni zamanda, bu, ölkədə aparılan uğurlu islahatların nəticəsidir. Məlum məsələdir ki, büdcə gəlirləri daxil olan vergilər hesabına formalaşır. Bu vergilər isə müəssisələrin, sahibkarların və ümumilikdə bütün iqtisadi kateqoriyaların hər birinin işləməsindən əldə olunan gəlirlər hesabına formalaşır. Bu isə aparılan düzgün iqtisadi siyasətin və islahatların nəticəsində ortaya çıxır. Hesab edirəm ki, ilin sonuna qədər daxil olan vergilərin həcmi daha da artacaq”.
Vidadi ORDAHALLI