Pərviz Heydərov: “Ölkədə xammal sahəsində çatışmazlığın yaşanması, şəxsi təsərrüfatlarda heyvandarlığa marağın azalması yerli istehsalın baha başa gəlməsinə səbəb olur”
Son günlər kərə yağının qiymətinin bahalaşması ən çox müzakirə olunan mövzulardan biridir. Azərbaycanda kərə yağlarının qiyməti bahalaşaraq 18-19 manat olub. Xaricdə istehsal olunan kərə yağlarının qiymətinin qalxmasının səbəbi aidiyyəti qurumlar tərəfindən açıqlandı. Bildirildi ki, qiymət bahalaşmasına səbəb gömrük rüsumlarının yüksək olmasıdır.
Ancaq onu da nəzərə almaq lazımdır ki, bu gün bazarda xaricdə istehsal olunan yağlarla yanaşı, yerli istehsal olan kərə yağları da var. Xaricdə istehsal olunan kərə yağlarının satış qiymətinin bahalaşmasını qəbul etmək olar. Ancaq yerli istehsal olan yağların satış qiymətinin nə səbəbdən bahalaşması maraqlıdır?
Məsələ ilə bağlı fikir bildirən İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, son günlər daxili istehsal bazarında ərzaq məhsulları içərisində qiyməti sürətlə artan kərə yağıdır. Bu da çox geniş müzakirəyə səbəb olur: “Bəllidir ki, kərə yağı zəruri qida məhsulları siyahısına daxildir. Bu səbəbdən kərə yağının sürətlə bahalaşması əhalidə haqlı olaraq narazılıq yaratdı. Yaranan müzakirələrdə əsas mövzulardan biri ondan ibarətdir ki, kərə yağının qiymətinin bahalaşmasının səbəbi Dövlət Gömrük Komitəsinin yığım rüsumunu artırmasıdır. Ötən ildən fərqli olaraq, bu il ölkəyə idxal olunan kərə yağı məhsulunun 1 kiloqrama görə yığımı cuzi artırılıb. Ancaq əsas səbəb bundan ibarət deyil. Onu da deyim ki, iqtisadiyyatın müvafiq qanunlarına əsasən, dünyada qiymət artımı baş verərsə, bu hal xaricdən gətirilən məhsulların qiymətinə təsir göstərməlidir. Analoji hal yerli istehsala da öz təsirini göstərir”.
P.Heydərov onu da vurğuladı ki, Dövlət Gömrük Komitəsinin kərə yağı ilə bağlı rüsumu artırmasının məqsədi yerli istehsalı inkişaf etdirməkdir: “Daxili bazarda kərə yağının satış qiymətinin bahalaşmasının əsas səbəbi yerli istehsalın azalmasıdır. Həmçinin, onu da deyim ki, ölkədə xammal sahəsində çatışmazlıq yaşanır. Şəxsi təsərrüfatlarda heyvandarlığa maraq azalıb. Bu kimi səbəblərə görə ölkədə yerli istehsal baha başa gəlir. Həm yağın həcmi azalıb, həm də maya dəyəri yüksəlib. Eyni zamanda, analoji vəziyyət dünyada da yaşanır. Xüsusi olaraq qeyd edim ki, məsələyə obyektiv yanaşmaq lazımdır. Həm xaricdən gətirilən yağların, həm də yerli istehsalın satış qiymətinin bahalaşmasının səbəbi dövlət qurumları ilə bağlı deyil”.
İqtisadçının sözlərinə görə, dünyada ən çox kərə yağı istehlakçısı sayılan ölkə Çindir. Çin son 7-8 ayda bu sahədə idxalı kəskin artırıb. Bu səbəbdən də, demək olar ki, bütün ölkələrdə kərə yağında qiymət artımı yaşanır: “Analoji vəziyyət bizdə də müşahidə olunur. Əsas səbəb də yerli istehsalın zəif olmasıdır. Onu da deyim ki, oxşar vəziyyət müəyyən müddət sonra ət məhsullarında da baş verəcək. Kərə yağından başlanan proses ət məhsullarına transfer edəcək”.
Günel CƏLİLOVA