Vüqar Bayramov: “Mərkəzi Bankın valyuta ehtiyatlarının artması manatın məzənnəsi, manevr imkanlarının genişləndirilməsi baxımından olduqca vacibdir”
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb. Mərkəzi Bankın yaydığı məlumata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il oktyabr ayının 1-nə 5 mlrd. 167,5 mln. ABŞ dolları təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 34,80 mln. dollar və ya 25,04 % çoxdur. Sentyabr ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 66,30 mln. dollar və ya 1,30 % artıb. Qeyd edək ki, cari ilin əvvəlindən artım 1 milyard 193,1 milyon dollar və ya 30,02 faiz olub.
Mərkəzi Bankın valyuta ehtiyatlarının nəyin hesabına artdığını öyrənmək məqsədilə iqtisadçı-ekspert Vüqar Bayramova müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artması həmin bankın bazara intervensiyasının azalması ilə bağlıdır. Bəllidir kli, 2016-cı ilin əvvəlindən etibarən Mərkəzi Bank bazara valyuta intervensiyası etmir: “Daha çox Dövlət Neft Fondunun vəsaitlərinin hərraclar vasitəsilə satılmasını təmin edir. Bu da Mərkəzi Banka öz valyuta ehtiyatlarının qənaət edilməsi baxımından vacibdir. Onu da deyim ki, 2017-ci ilin fevral ayından etibarən dollara tələbatın azalması prosesi müşahidə olunur. Bu kimi hallar Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına təsir göstərir. Dollara tələbatın azalması valyuta ehtiyatlarına təsir edən əsas faktorlardan biridir”.
Həmsöhbətimizin sözlərinə görə, Dövlət Neft Fondu tərəfindən Mərkəzi Banka 7,5 milyardlıq transferin olunması da adıçəkilən bankın valyuta ehtiyatlarına qənaət edilməsi baxımından olduqca vacib idi.
V.Bayramov onu da vurğuladı ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artması və artımın davametmə prosesi məqsədəuyğundur: “Nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artması manatın məzənnəsi, manevr imkanlarının genişləndirilməsi baxımından olduqca vacibdir”.
Günel CƏLİLOVA