Rəsul Cahangirli: “Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması baxımından daha çox vəsaitin ayrılması təqdirəlayiqdir”
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsində dəyişiklik edilib. Belə ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli, 1186 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Fərman imzalayıb. Fərmana əsasən, Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri 10 milyard 813 milyon 861,6 min manat, xərcləri isə 15 milyard 242 milyon 928 min manat müəyyən olunub.
Fərmana əsasən, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 90 000,0 min manatdan 105 000,0 min manata qədər artırılıb və Fondun 2017-ci il büdcəsinə Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı 744 072,0 min manat məbləğində xərc maddəsi əlavə edilib. Görünən odur ki, ARDNF-in büdcəsi ilə bağlı bir sıra dəyişikliklərin edilməsi aparılan işlərlə əlaqədardır. Bu bir sıra layihələrin vaxtında həyata keçirilməsinə müsbət təkan verəcək.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, gəlir və xərclərin artırılması müəyyən zərurətdən irəli gəlir: “Məsələ ondadır ki, 2015-2016-cı illərlə müqayisədə neftin dünya bazarında qiyməti sabitləşib. Əvvəlki illərdə neftin qiyməti ucuzlaşmağa meylli idisə, 2017-ci ildə bunun əksi müşahidə olundu. Nəticədə neftin dünya bazarındakı qiyməti 50-60 dollar arasında dəyişir. Azərbaycanın da gəlirlərinin əsas hissəsinin neft satışından əldə olunduğunu nəzərə alsaq, bu, ölkənin valyuta gəlirlərinin artmasına öz təsirini göstərib. Bu da, öz növəbəsində, Neft Fonduna daha çox valyutanın daxil olması deməkdir. Neft Fondunun gəlirlərinin artması imkan verir ki, bəzi layihələr üçün ayrılan vəsaitin həcmi artırılsın. Bu baxımdan ARDNF-in 2017-ci il büdcəsində edilən dəyişikliklərə müsbət yanaşıram. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycan müharibədən əziyyət çəkən ölkədir. Ölkədə yüz minlərlə qaçqın və məcburi köçkün var ki, onların bir hissəsi hələ də darısqal yataqxanalarda yaşayır. Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması baxımından Neft Fondundan daha çox vəsaitin ayrılması təqdirəlayiqdir”.
Vidadi ORDAHALLI