Bahadur Bilalov: “Yaxın gələcəkdə Azərbaycanın müalicə-sağlamlıq turizmi sektorunda əldə etdiyi nailiyyətlər daha çox olacaq”
Azərbaycan “National Geographic Traveler”in açıqladığı “sağlamlıq turizmi ölkələri” reytinqində ilk beşlikdə yer alıb. “National Geographic Traveler Awards 2017” üzrə reytinq internet səsvermə əsasında müəyyən olunub, nəticələri isə analitik “TurStat” agentliyi tərəfindən açıqlanıb. Nəticələrə görə, eyni zamanda Almaniya, Sloveniya və İsveçrənin yer aldığı ilk beşliyə İsrail başçılıq edir.
Xəbərdə o da deyilir ki, Qəbələdəki “Chenot Palace” oteli “Ən yaxşı kurort oteli” nominasiyası üzrə ilk beşliyə düşüb.
Azərbaycan sağlamlıq turizminin ilk beşlikdə yer alması ölkə turizminin inkişafından xəbər verir.
Turizm sahəsi üzrə ekspert Bahadur Bilalov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar aparılan məqsədyönlü işlər nəticəsində ölkənin sağlamlıq turizmi sahəsi artıq öz inkişaf dövrünü yaşayır: “Naftalan istirahət mərkəzi Sovet dönəmində olan şöhrətini bərpa etməyə başlayır. Naftalanda dünya standartlarına cavab verən bir neçə gecələmə obyekti inşa olunub. Nəinki MDB ölkələrindən,
o cümlədən digər ölkələrdən belə Naftalana gəlib öz sağlamlığını bərpa edən insanlar var. Həmçinin, məşhur Qalaaltı Sağlamlıq Mərkəzi də müasir dünya standartlarına cavab verir. Burada da insanların rahat şəkildə istirahəti və müalicəsi üçün hər cür şərait yaradılıb. Qalaaltı Mərkəzinə də yerli vətəndaşlarla yanaşı, xaricilər də müraciət edir”.
B.Bilalov onu da vurğuladı ki, Naxçıvanda olan “Duz dağ” sanatoriyasının yanında 5 ulduzlu otel istifadəçilərin ixtiyarındadır: “Həmçinin, Naxçıvan MR-in Culfa rayonu ərazisində olan termal su xaricilərin diqqətini daha çox cəlb edir. Bu su 18 kimyəvi maddəni özündə birləşdirir. Termal su dünyanın ən gözəl və müalicəvi sularından biri hesab olunur. Bu səbəbdən Azərbaycanın müalicə-sağlamlıq turizminin sədası xarici ölkələrə geniş yayılıb”.
Həmsöhbətimiz onu da vurğuladı ki, son zamanlar sağlamlıq turizmi ilə bağlı reklam işlərinin aparılması bu sahənin daha da inkişaf etməsinə səbəb olur: “Aparılan işlər nəticəsində Azərbaycan müalicə-sağlamlıq turizmi barədə aparılan sorğularda ön sırada yer alır. Yaxın gələcəkdə bu sektorda əldə etdiyimiz üstünlüklər daha çox olacaq. Ən azından, Naftalan nefti dünyada rast gəlinməyən müalicə vasitəsidir”.
Günel CƏLİLOVA