Zakir Əhmədov: “Azərbaycan sona qədər öz öhdəliklərinə sadiq qalaraq göstərilən etimadı doğruldub”
Məlum olduğu kimi, “Cənub Qaz Dəhlizi” layihəsinin icrası çərçivəsində “Şahdəniz” yatağından hasil olunan qaz 2018-ci ildə Türkiyəyə, bir il sonra isə Avropaya çatacaq. 45 milyard dollar investisiya tələb edən bu layihə çərçivəsində ilkin mərhələdə 16 milyard kubmetr qaz nəqli nəzərdə tutulur.
Qazın 6 milyard kubmetri Türkiyəyə, qalan 10 milyard kubmetri isə Avropaya ötürüləcək. 2,5 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatları olan Azərbaycanın növbəti illərdə Avropaya nəql edəcəyi mavi yanacağın miqdarını 20 milyard kubmetrə çatdırmaq imkanı da var. Gələcəkdə siyasi problemlər həll olunduqdan sonra bu layihəyə İraq və İranın qoşulma ehtimalını da nəzərə alsaq, “Cənub Qaz Dəhlizi” kəmərinin nə dərəcədə önəm kəsb etdiyini təsəvvür etmək çətin deyil.
Bu layihənin unikallığı bütün iştirakçı tərəflərin maraqlarına cavab verməsidir. Tarixi təcrübə göstərir ki, hansısa ciddi enerji layihəsi bazarda durumu dəyişdiyindən, bazarın əsas iştirakçılarından ən azı birinin maraqlarını vurmuş olur. “Cənub Qaz Dəhlizi” layihəsi isə təkcə layihənin birbaşa iştirakçılarının deyil, həm də regional güclərin maraqlarını təmin edir. Buna səbəb həm də qlobal siyasi sistemdə gedən dəyişikliklər və Azərbaycanın bu prosesdə öz maraqlarını tam təmin edən mövqedə yer almasıdır.
Diqqətiçəkən məqamlardan biri də ondan ibarətdir ki, dünyanın aparıcı maliyyə qurumları sözügedən layihənin maliyyələşdirilməsində həvəslə öz təkliflərini verirlər. Bir müddət əvvəl Dünya Bankı, Asiya İnkişaf Bankı layihənin maliyyələşdirilməsinə milyonlarla dollar kredit ayırmağa hazır olduqlarını bəyan etmişdilər. Artıq növbəti maliyyə qurumu bənzər açıqlama ilə çıxış edib. Belə ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) "Cənub Qaz Dəhlizi" layihəsinin maliyyələşdirilməsində maraqlı olduğunu bildirib. Ümumilikdə, bu nədən irəli gəlir?
Sözügedən məsələni dəyərləndirən ekspert Zakir Əhmədovun fikrincə, Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin rentabelli, ölkənin bu yöndə öz öhdəliklərinə sadiq olması səbəbindən beynəlxalq maliyyə qurumları əməkdaşlıqda maraqlıdırlar: “Çünki təcrübə göstərir ki, indiyəcən bununla bağlı Azərbaycanda həyata keçirilən layihələr uğurla icra olunub. Azərbaycan sona qədər öz öhdəliklərinə sadiq qalaraq göstərilən etimadı doğruldub. “Cənub Qaz Dəhlizi” layihəsi ilə Azərbaycan enerji resurslarının şaxələndirilməsi kimi önəmli missiyanı yerinə yetirir. Bu layihə istər daxili siyasətdə ölkənin gəlirlərinin, xarici siyasətdə Azərbaycanın xüsusi çəkisinin artması baxımından ölkəyə dividend gətirəcək. Eyni zamanda Azərbaycan təkcə enerji nəqli marşrutlarının deyil, enerji mənbələrinin şaxələndirilməsində də önəmli rol oynamağa başlamış olur. Yeni layihənin daha bir strateji önəmi “Cənub Qaz Dəhlizi” xəttinin təxminən 30-dək ölkənin (hasilatçı, tranzit və istehlakçı) iqtisadi durumuna təsir etməsidir. Bu, həmin ölkələr arasında münasibətlərin yeni səviyyədə qurulmasını təmin edəcək. Beynəlxalq maliyyə qurumları əmindirlər ki, bununla bağlı verilən kredit bəlli bir müddətdən sonra geri qaytarılacaq. Buna əmin olmasalar, kredit ayırmaqda maraqlı olmazlar. O üzdən, bir sıra maliyyə qurumları “Cənub Qaz Dəhlizi”nə kredit ayırmaqda maraqlı olduqlarını bəyan edirlər”.
Vidadi ORDAHALLI