Qadir Bayramlı: “Aqrar sahədə sığorta kənd təsərrüfatında istehsal olunan məhsullara təbii fəlakətlər nəticəsində dəyən zərərlərlə bağlı itkilərin ödənilməsində mühüm rol oynaya bilər”
Azərbaycanda aqrosığorta sahəsi ilə məşğul olan vahid institut yaradılacaq. Bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) yerli nümayəndəliyinin rəhbəri Aliyə Əzimova bildirib. Hazırda IFC Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə aqrosığorta sisteminin ölkəmizdə tətbiqinə dair layihə üzərində işləyir.
A.Əzimova bildirib ki, “hazırda biz bu sahədə qanunvericiliyin yaxşılaşdırılması üzərində işləyirik. Bundan əlavə, aqrosığorta sahəsi ilə məşğul olacaq institut modelinin seçimi ilə bağlı danışıqlar da gedir".
Onun sözlərinə görə, fond bu sahə üzərində işləməkdən əlavə, sığorta məhsullarının hazırlanması ilə də məşğul olacaq: "Biz gələn il ilkin sığorta məhsulları hazırlamaq üçün aqrosığorta sahəsində risqlərin qiymətləndirilməsi üçün məlumatlar toplayırıq".
Aqrar sığorta sahəsi ilə məşğul olan vahid institutun yaradılmasının zəruriliyi barədə danışan Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki,
aqrar sahənin sığorta fəaliyyəti zəif nöqtələrdən biridir: “Aqrar sahədə sığorta kənd təsərrüfatında istehsal olunan məhsullara təbii fəlakətlər nəticəsində dəyən zərərlərlə bağlı itkilərin ödənilməsində mühüm rol oynaya bilər. Həmçinin, kənd təsərrüfatının texnikası və fermerlərin istifadə etdiyi torpaq sahələrinin sığortası olduqca önəmlidir. Ümumiyyətlə, aqrar sektorun istənilən sahəsində sığorta tətbiq olunmalıdır. Sığortanın olması fermerlərin özlərini güvəndə hiss etməsi deməkdir. Sığortanın olması istehsalda təşviq stimulunu artırır. Ancaq fermerlərin sığortası olmayanda kənd təsərrüfatına dəymiş ziyan ödənilmədiyi təqdirdə o sahəyə maraq azalır. Bu səbəbdən sığorta institutunun yaradılması zəruridir”.
Həmsöhbətimiz onu da bildirdi ki, sığorta institutu yaradılmazdan öncə sığortanın əhəmiyyəti barədə fermerlərə məlumat verilməlidir: “Sığortanın fermerlərə gətirəcəyi müsbət keyfiyyətlər maarifləndirmə yolu ilə onlara başa salınmalıdır”.
Q.Bayramlının sözlərinə görə, kənd təsərrüfatı ilə bağlı bölgələrdə sığorta konsultasiya xidmətlərinin yaradılması önəmlidir: “Çünku fermerlər və ya adi kənd təsərrüfatı işçilərinin sığorta müqaviləsi haqqında məlumatı yoxdur”.
Günel CƏLİLOVA