Vüqar Bayramov: “Azərbaycanın mövqeyinə təsir göstərən xeyli sayda faktor var”
Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması ölkəmizin uğurudur. Bu bir daha Azərbaycanda aparılan məqsədyönlü iqtisadi siyasətin öz nəticəsini verdiyini göstərir.
Dünyadakı mürəkkəb siyasi və iqtisadi proseslərə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı hazırda həmin təsirlərə qarşı dayanıqlıq nümayiş etdirir, gəlirlərin azalması fonunda belə bütün sosial proqramlar icra olunur. İndiki mərhələdə qeyri-neft sektorunun inkişafı prioritetdir və bu baxımdan regionlar böyük potensiala malikdir. Son illərdə regionların iqtisadi potensialını gücləndirmək məqsədilə müasir tələblərə cavab verən infrastruktur layihələri icra olunub, dövlət dəstəyi tədbirləri nəticəsində qabaqcıl texnologiyalara əsaslanan müəssisələr yaradılıb, iş yerləri açılıb və digər əhəmiyyətli işlər görülüb.
Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tapşırığı istiqamətində mühüm addımlar atılıb. Sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra vacib qərarlar qəbul olunub. Dövlətin güzəştli kreditləri hesabına investisiya layihələrinin maliyyələşdirilməsi və eləcə də kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görülüb. Gəlirlərin artımının inflyasiyanı ciddi faizlərlə üstələməsi həm son istehlaka, həm də yığıma yönəldilən vəsaitlərin səmərəli artımına gətirib çıxarıb.
Bütün bu deyilənlərin fonunda, Azərbaycanın reytinqdə 35-ci yer tutmasında İlham Əliyevin son illərdə apardığı hansı islahatlar əsas rol oynadı?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov bunu bir sıra faktorlarla əlaqələndirdi: “Son illər sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı prosedurlar xeyli sadələşdirilib. Nəzərə almaq lazımdır ki, 2014-cü ildən etibarən postneft dövrünün başlanması qeyri-neft sektoru sahəsində islahatların genişləndirilməsinə səbəb oldu. Bu da, təbii ki, Azərbaycanda sahibkarlıq və biznes mühitinin yaxşılaşmasına müsbət təsir göstərir. Hesabatla tanışlıq göstərir ki, Azərbaycanın mövqeyinə təsir göstərən xeyli sayda faktor var. Bazara çıxış imkanlarının genişləndirilməsi, infrastrukturun inkişaf etməsi, prosedurların azaldılması və eləcə də daha az zaman sərf etməklə işlərin görülməsi buna öz təsirini göstərib. Eyni zamanda, daha az zaman sərf etməklə dövlət xidmətlərinə çıxış imkanlarının təmin olunması da burada rol oynayır. Həmçinin, sahibkarların dəstəklənməsi və innovasiya istiqamətində aparılan işlər Azərbaycanın reytinq cədvəlində yerinin daha da möhkəmlənməsinə gətirib çıxarır. O baxımdan, hesabatda Azərbaycanın mövqeyinin güclənməsi birbaşa qeyri-neft sektorunun inkişafı üçün aparılan islahatlarla bağlıdır”.
Vidadi ORDAHALLI